15/10/2024
L A Y İ H Ə
"Azərbaycan Xalq Parlamenti"nin
N İ Z A M N A M Ə S İ
Azərbaycan Respublikasında 30 illik müstəqillik dönəmində Konstitusiyada nəzərdə tutulan xalq hakimiyyəti və dövlətin əsasları ilə bağlı norma və prinsiplərin kobud surətdə tapdalanması, respublika ənənələrindən faktiki imtina, hakimiyyətin mənimsənilməsi və bir əldə cəmləşməsi, ölkədə mütləqiyyət rejimin qurulması, keçə müddət ərzində azad və ədalətli seçkilərin keçirilməməsi Azərbaycan Xalq Parlamentinin təsis edilməsini və bu Nizamnamənin qəbulunu zəruri, qaçılmaz və vacib etmişdir.
1. ÜMUMİ MÜDDƏALAR
1.1. “Azərbaycan Xalq Parlamenti ” xalq və dövlət maraqları naminə demokratik, azad və ədalətli seçkilər əsasında seçilmiş, Azərbaycanda demokratiya, insan haqları və qanunun aliliyinin bərpasını, xalq tərəfindən seçilmiş legitim hakimiyyətin formalaşmasını hədəfləyən, fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən ictimai-siyasi təsisatdır.
1.2. "Azərbaycan Xalq Parlamenti" paralel dövlət strukturu, siyasi partiya və ya partiyalar birliyi deyil və xalq kütlələrinin dövlətin idarəçiliyində iştirakının təmin edilməsinə – xalq hakimiyyətinin bərpasına yardım etmək məqsədilə yaradılır.
1.3. "Azərbaycan Xalq Parlamenti" öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasının demokratik prinsipləri özündə ehtiva edən müddəaları, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktlar və bu Nizamnamə əsasında həyata keçirir.
1.4. "Azərbaycan Xalq Parlamenti"nin abreviaturası “AzXP”dir.
1.5. "Azərbaycan Xalq Parlamenti"nin mənzil qərargahlarının Bakı və Brüssel şəhərlərində yerləşməsi nəzərdə tutulur.
2. "Azərbaycan Xalq Parlamenti"nin əsas məqsədləri:
2.1. Siyasi sahədə:
2.1.1. Ölkədə parlamentli respublika ənənələrinin bərpa edilməsi,
2.1.2. Konstitusiya islahatlarının aparılması,
2.1.3. Bütün səviyyələr üzrə qanuni seçkilərin keçirilməsi, seçki qanunvericiliyini pozanların cinayət məsuliyyətinə cəlb edilməsinin təmini,
2.1.4. Bir nəfərin iki dəfədən artıq ard-arda prezident vəzifəsinə seçilməsinin, hakimiyyətin bir əldə cəmləşməsinin, eyni ailə üzvlərinin bir-birinin tabeliyində olan vəzifələrdə olmasının, dövlət strukturlarında qohumbazlıq, vərəsəlik, klan, region faktorlarının qadağan edilməsi, həmçinin bu qadağaları pozanlara qarşı ciddi cinayət məsuliyyətinin müəyyən edilməsi,
2.1.5. Geniş xalq kütlələrinin təşkilatlanması və siyasi proseslərə cəlb olunması, dövlətin siyasi həyatında iştirakının təmin edilməsi,
2.1.6. Hüquqi dövlət, qanunun aliliyi, insan hüquq və azadlqlarının təmin edilməsi,
2.1.7. Normativ hüquq aktlarının icrası üzərində nəzarətin təşkili və dövlət intizamının gücləndirilməsi,
2.1.8. Qanunvericiliyin humanistləşdirilməsi və ədalətliliyin təmin edilməsi,
2.1.9. Dünyanın sivil xalqlarının demokratiya, insan haqları və azadlıqları, qanunun aliliyi kimi dəyərlərinə sahiblənmək,
2.2. Hüquq sahəsində:
2.2.1. Hüquq-mühafizə orqanlarının hakimiyyətin dəyənəyi rolunda deyil, xalqın xidmətçisi və mühafizəçisi olması, işgəncə hallarının yolverilməzliyi,
2.2.2. Polis zorakılığı və özbaşınalığının aradan qaldırılması,
2.2.3. İbtidai və məhkəmə istintaqında müdafiə hüququnun effektli təminatı,
2.2.4. Vəkillik institutunun hakimiyyətin nəzarəti və təzyiqi altından çıxarılması,
2.2.5. Əsaslı məhkəmə islahatlarının aparılması, məhkəmələrin müstəqilliyinin təmin edilməsi,
2.2.6. Qanunvericilik və məhkəmə hakimiyyətinin ali icra hakimiyyətindən (Prezidentdən) faktiki asılılığının ləğv edilməsi,
2.2.7. Bütün dustaqları əhatə edəcək amnistiyanın verilməsinə nail olmaq, həbsxanada dustaqların saxlanma şəraitinin yaxşılaşdırılması,
2.2.8. Nardaran, Bənəniyar, Eurovision, Gəncə, Quba, İsmayıllı və başqa rayonlarda törədilmiş cinayətlərin araşdırılması,
2.2.9. Sərhədyanı yaşayış məntəqələri ilə bağlı onlara “qəhrəman şəhər” fəxri adların və vergi güzəştlərini nəzərdə tutan qanun layhiyəsinin hazırlanması,
2.2.10. Arxivlərin açılması, “Lüstrasiya haqqında” və “Kolaborantlığa qarşı mübarizə haqqında” qanunun qəbul edilməsi,
2.3. İnsan hüquqları sahəsində:
2.3.1. Mövcud olan diskriminasiya hallarının bütün səviyyələrdə kökünün kəsilməsi,
2.3.2. Siyasi və vicdan məhbusları haqqında qanunsuz qərarlar qəbul etmiş müstəntiq, prokuror və hakimlərin cəzalandırılması, belə halların təkrarlanmaması üçün mövcud hüquqi mexanizmlərin tətbiqi, bəraət almış şəxslərə Azərbaycan dövləti tərəfindən və Avropa Məhkəməsinin qərarı ilə ayrı-ayrı şəxslərə ödənilən kompensasiya məbləğlərinin təqsirkar vəzifəli şəxslərdən və hakimlərdən reqres iddia yolu ilə alınması.
2.3.3. Həbs olunan jurnalistlərin dərhal azad edilməsi, media və söz azadlığının təmin edilməsi, müstəqil medianın inkişafına dövlət dəstəyinin hüquqi bazasının təkmilləşdirilməsi,
2.3.4. Dini və siyasi mövqeyinə, həmçinin etnik azlıqların öz mədəni hüquqları istiqamətində fəaliyyətinə görə şərlənərək həbs edilmiş şəxslərin dərhal azadlığa buraxılması və gələcəkdə belə halların yolverilməzliyi,
2.3.5. Pasport və şəxsiyyət vəsiqələrində hicablı fotoşəkil qadağasının aradan qaldırılması,
2.3.6. Yerli xalqlara münasibətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Milli azlıqların müdafiəsi haqqında” Avropa Şurasının Çərçivə Sazişində nəzərdə tutulan hüquqların təmin edilməsi, “Reqional və azlıqların dilləri haqqında” Avropa Xartiyasına qoşulması, dövlət dili ilə yanaşı ana dilinin inkişafının təşviq edilməsi, xarici dillərin tədrisinə dövlət müdaxiləsinin aradan qaldırılması,
2.4. Korrupsiya və rüşvətlə mübarizə sahəsində:
2.4.1. Məmurların maddi-əmlak vəziyyəti ilə bağlı məcburi illik (gəlir mənbələrini göstərən) bəyannamə sisteminin yaradılması; korrupsiya, rüşvət mexanizminə qarşı təsirli hüquqi sanksiyaların qoyulması,
2.4.2. Ölkədə tüğyan edən rüşvət və korrupsiyanın kökünün kəsilməsi və belə əməllərə görə ən ağır cəzaların müəyyən edilməsi,
2.4.3. Bütün sahələrdə və səviyyələrdə inhisarçılığın kökünün kəsilməsi,
2.4.4. Xalqdan oğurlanmış sərvətlərin geriyə qaytarılması və xalqın rifahına yönəlik islahatlara yönləndirilməsi,
2.5. İnzibati-iqtisadi islahatlar sahəsində:
2.5.1. Sovet inzibati ərazi bölgü sistemindən imtina, inzibati ərazi islahatlarının aparılması, yerli özünüidarə institutunun, respublikanın bütün inzibati ərazi vahidlərinin bərabər və proporsional inkişafının təmini,
2.5.2. Avropa “Yerli özünüidarəetmə Xartiyası”nın prinsiplərinin tələblərinə uyğun ölkədə bələdiyyələrin gerçək fəaliyyətinin təmin edilməsi,
2.5.3. İcra Hakimiyyəti strukturunun ləğvi və valilik institutunun yaradılması, valilik haqqında qanunun qəbul edilməsi,
2.5.4. Azad bazar iqtisadiyyatına yönəlik biznes mühitinə, orta təbəqənin formalaşdırılmasına, yoxsulluqla mübarizəyə, gömrük və vergi sistemində şəffaflığa, qanuni əsaslarla əldə edilmiş mülkiyyət hüququna təminatın verilməsi,
2.5.5. Azad və rəqabətli iqtisadi şəraitin yaradılması,
2.5.6. Ölkənin ərzaq təhlükəsizliyi üçün yerli istehsalın stimullaşdırılması, xaricdən idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi,
2.5.7. Yerli istehsalın inkişafı və özünütəminin stimullaşdırılması, daxili bazarın və milli istehsalçıların mənafelərinin qorunması,
2.5.8. Daxili bazarda bahalaşmanın əsas səbəbi olan məmur möhtəkirliyinin işlək qanun mexanizmi ilə aradan qaldırılması,
2.5.9. Bölgələrdə iqtisadi inkişafı stimullaşdırmaq üçün mikro, kiçik və orta sahibkarlığın, qoyulmuş investisiya geri götürülənədək vergilərdən azad edilməsi və güzəştlərin tətbiq olunması,
2.5.10. Hər rayonun öz istehsal potensialına uyğun olaraq inkişaf proqramının qəbul edilməsi,
2.6. Sosial siyasət sahəsində:
2.6.1. Vətəndaş cəmiyyəti və vətəndaş harmoniyasına yönəlik, insan mərkəzli sosial təminat dövlətinin qurulması,
2.6.2. İşsizliyin ləğvi və azaldılmasına dair real proqramların hazırlanması və həyata keçirilməsi,
2.6.3. Dövlətin uşaqlara və təqaüdçülərə qayğı sisteminin yaradılması,
2.6.4. Xalqın mənafeyinə yönəlik yeni pensiya qanununun qəbul edilməsi,
2.6.5. Uşaqların sosial müdafiəsi ilə bağlı qanunun (uşaq pulu) qəbul edilməsi,
2.6.6. Qadınların iqtisadi müstəqilliyinin təmin edilməsi, onlara qarşı törədilən məişət zorakılığının və sair cinayətlərin kökünün kəsilməsi, evdar qadınlara “analıq pensiyası”nın verilməsinin təmin edilməsi, qadının cəmiyyətimizdəki rolunun yüksəldilməsi,
2.6.7. "Əlilliyin təyin edilməsi və qiymətləndirilməsi barədə" qanunvericiliyin əlillərin mənafeyinə uyğun təkmilləşdirilməsi və humanistləşdirilməsi,
2.6.8. “Qazilik statusu haqqında” qanunun qəbul edilməsi, müharibə veteranlarına minimum əmək haqqı, müharibə əlillərinə və şəhid ailələrinə orta aylıq əmək haqqı məbləğində əlavə təqaüdlərin verilməsi,
2.6.9. Əhalinin mənzil probleminin həlli üçün dövlət səviyyəsində proqramların həyata keçirilməsi, evsiz ailələr, yeni ailə quran gənclər və əlillərin dövlət hesabına mənzillə təmin olunması,
2.6.10. Xüsusi təyinatlı torpaqlar istisna olmaqla, bütün özbaşına tikililərin ən qısa müddətdə sənədləşdirilməsi,
2.6.11. İşsiz insanların işsizlik dövründə minimum istehlak səbəti dəyərində sosial müavinətlə təmin edilməsi və məşğulluq haqqında qanunvericiliyin vətəndaşın mənafeyinə uyğun humanistləşdirilməsi,
2.6.12. Milli gəlirdən, təbii sərvətlərdən (neft, qaz və s.) büdcəyə daxil olan vəsaitdən hər vətəndaşa hər ilin sonunda bərabər şəkildə payın verilməsi,
2.6.13. Kommunal xərclərin azaldılması istiqamətində ardıcıl siyasətin yürüdülməsi,
2.6.14. Əhalinin ödəmə qabiliyyətini nəzərə alaraq kredit faizlərinin endirilməsi,
2.6.15. Qəbiristanlıq torpaqlarının tam olaraq yerli bələdiyyələrin sərəncamına verilməsi,
2.7. Vətəndaşlıq problemləri sahəsində:
2.7.1. Ölkədən kənarda yaşamağa təhrik edilmiş vətəndaşlara dövlət qayğısının təşkili,
2.7.2. İqtisadi dözümsüzlük səbəbindən ölkədən didərgin düşmüş vətəndaşların ölkəyə qayıtmasını stimullaşdırmaq üçün işlək qanun mexanizminin yaradılması,
2.7.3. Quru sərhədlərin təcili açılması və vətəndaşların ölkəyə qayıtmasına maneələrin aradan qaldırılması,
2.7.4. Vətəndaşlıqdan məhrum etmənin qadağan edilməsi, əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslərin vətəndaşlığının bərpasının sadələşdirilməsi, ikili və çox vətəndaşlığın tanınması və onlara, prezidentliyə namizəd verilmə istisna olmaqla, bütün seçkilərdə tam hüquqlu vətəndaş kimi iştirak hüququnun verilməsi,
2.7.5. Avia sərnişin daşınmalarında azad rəqabətin formalaşdırlması yolu ilə qiymətlərin endirilməsinə nail olmaq,
2.8. Beynəlxalq münasibətlər sahəsində:
2.8.1. Regional geosiyasi münasibətlərin normallaşdırılması,
2.8.2. Qonşu xalqlara və dövlətlərə münasibətdə dövlətlərin ərazi bütövlüyünün tanınması, insan hüquqlarına hörmət, qarşılıqlı əməkdaşlıq və beynəlxlaq hüququn digər qəbul edilmiş ümumi prinsiplərinə sədaqət nümayişi,
2.9. Ekologiya və təbiətin mühafizəsi sahəsində:
2.9.1. Ətraf mühitin qorunması ilə bağlı qanunvericiliyin tətbiqi üzərində nəzarətin gücləndirilməsi,
2.9.2. Atmosferə atılan zərərli qazların azaldılması üçün ölkədə istehsal olunan benzin və dizelin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin əhalinin alıcılıq qabiliyyətinə uyğunlaşdırılması,
2.9.3. Gədəbəyin Söyüdlü kəndi ərazisindəki qızıl mədənlərində istifadə edilən sianidin gölə tökülməsinin qarşısının alınması, ölkə ərazisində iqlimin, havanın, torpağın münbit qatı və suların çirklənməsi, həmçinin zəhərlənməsinə yönəlik zərərli istehsal sahələrinin ləğvi,
2.9.4. İstismardan çıxarılmış neft quyularının ISO standartlarına uyğun olaraq təmizlənməsi və konservasiyası,
2.9.5. Təbii obyektlərin (dəniz kənarı sahillər, çay sahilləri, çimərliklər, meşələr, dağlar, otlaq və örüş yerləri, xüsusi rejimli mühafizə zolaqları torpaqları, yeraltı sərvətlərin yerləşdiyi torpaqlar və s. ) məmur işğalından azad edilərək bələdiyyələr vasitəsilə xalqın istifadəsinə qaytarılması,
2.10. Hərbi sahədə:
2.10.1. Hərbi cinayətlərin qarşısının alınması və islahatların aparılması, Hərbi Prokurorluğun ləğv edilməsi və 2005-ci ildən başlayaraq Hərbi Prokurorluğun apardığı bütün işlərin yoxlanılması,
2.10.2. Beynəlxalq aləmdə “Tərtər işi” kimi tanınan əsrin cinayətinə ədalətin gətirilməsi üçün xüsusi qanunun qəbul edilməsi,
2.10.3. 4 İyun 1993-cü ildən sonra baş vermiş bütün əsgər və xüsusi orqan əməkdaşlarının ölüm səbəblərinin araşdırılması,
2.10.4. Məcburi hərbi xidmətlə yanaşı peşəkar (muzdlu) ordu sisteminin yaradılması,
2.10.5. Ordu zabitlərinin və gizir heyətinin qısa müddətdə mənzillə təmin olunması, ordudakı əmək haqqı sisteminin Avropa standartlarına uyğunlaşdırılması,
2.11. Təhsil və səhiyyə sahəsində:
2.11.1. Ölkədə təhsil və səhiyyənin ümumi səviyyəsinin yüksəldilməsi, müəllimlərə “dövlət qulluqçusu” statusunun verilməsi, onların və həkimlərin maaşlarının real iqtisadi ehtiyaclara adekvatlığının, təhsilin bütün səviyyələrdə ölkə vətəndaşları üçün ödənişsiz olmasının təmin edilməsi, müəllimin cəmiyyətimizdə itirilmiş nüfuzunun bərpası üçün tədbirlərin görülməsi, onların seçki komissiyalarında iştirakının qadağan edilməsi,
2.11.2. Dövlət məktəblərində dil siyasətinə ciddi nəzarətin formalaşdırlması, dövlət müəssisələrinə işə qəbul zamanı dövlət dilinin əsas götürülməsi,
2.11.3. Avropa standartlarına uyğun peşə təhsili müəsissələrinin (litseylər ) yaradılması üçün ciddi addımların atılması,
2.11.4. Ümummilli təhsil proqramının, dünyanın inkişaf etmiş təhsil modellərindən birinə transformasiyası,
2.11.5. İT sahəsində yeni texnologiyaların və süni intellektin inkişaf etdirilməsi istiqamətində qanun layihəsinin hazırlanması,
3. "Azərbaycan Xalq Parlamenti"nin hüquqları
3.1. Öz adından əqdlər bağlamaq, Azərbaycanda müvafiq ictimai və ya siyasi təsisatlarla əlaqələr və fəaliyyət birliyi yaratmaq, əhalinin hərtərəfli maarifləndirilməsi və təşkilatlandırılması üzrə fəaliyyətlər aparmaq,
3.2. Beynəlxalq təşkilatlarla əlaqələr saxlamaq və əməkdaşlıq etmək,
3.3. Azərbaycanda və Azərbaycandan kənarda regional bölmələrini yaratmaq və onların fəaliyyətini istiqamətləndirmək,
3.4. Hesablar açmaq və hesablaşmalar aparmaq,
3.5. Möhürə, ştampa və xüsusi blank formasına malik olmaq,
3.6. Müvafiq qanunvericiliklə müəyyən edilmiş və qadağan olunmamış digər hüquqlardan istifadə etmək,
3.7. Müvafiq qanunvericilik normalarının qadağan etmədiyi digər əmlaklara sahib olmaq.
3.8. “Azərbaycan Xalq Parlamenti”nin loqosu, döş nişanı və standart tipli vəsiqəsi var.
4. "Azərbaycan Xalq parlamenti"nin Təşəbbüs Qrupu və təsisçiləri.
4.1. "Azərbaycan Xalq Parlamenti"nin yaradılması ideyası ətrafında ilk birləşmiş təşəbbüsçülər "Təşəbbüs Qrupu"nun üzvləri hesab olunur. "Təşəbbüs Qrupu"nun üzvləri həm də "Azərbaycan Xalq Parlamenti"nin təsisçiləri siyahısına daxildir. "Təşəbbüs Qrupu" təsisçilər siyahısına daxil edilmək üçün edilmiş müracətlərə baxır, təsisçilərin ümumi siyahısını hazırlayır və təsis toplantısının həyata keçirilməsini təmin edir.
4.2. Azərbaycan Respublikasının aktiv seçki hüquqlu bütün vətəndaşları və əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər "Azərbaycan Xalq Parlamenti"nin təsisçisi olmaq hüququna malikdir.
4.3. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri bu Nizamnamə ilə müəyyən edilir.
4.4. “Təşəbbüs Qrupu” “Azərbaycan Xalq Parlamenti”nin qarşısına qoyulan vəzifələr həyata keçirilənə qədər fəaliyyətdədir və Parlamentin icra aparatı funksiyasını yerinə yetirir.
4.5. Təsis toplantısı;
4.5.1. "Azərbaycan Xalq Parlamenti"nin təsis edilməsi barədə qərar qəbul edir,
4.5.2 “Azərbaycan Xalq Parlamenti"nin Nizamnamə və Məramnaməsini qəbul edir,
4.5.3. "Azərbaycan Xalq Parlamenti"nə deputat seçkilərini həyata keçirmək üçün təsis toplantısı iştirakçıları sırasından – X nəfərdən ibarət daimi əsaslarla fəaliyyət göstərən "Seçki Komissiyası"nın tərkibini müəyyən edir.
4.6. "Seçki Komissiyası"nın tərkibi Parlament deputatlarının yarıdan çoxunun qərarı ilə buraxıla və ya dəyişdirilə bilər.
4.7. “Seçki Komissiyası” “Azərbaycan Xalq Parlamenti”nin ilk iclasına qədər təsisçilər qarşısında hesabatlıdır.
5. "Azərbaycan Xalq Parlamenti"nə seçkilər və daxili səsvermə qaydasi.
5.1. "Azərbaycan Xalq Parlamenti"nə deputat seçkiləri və parlamentdaxili səsvermələr internet resursları üzərindən elektron qaydada keçirilir.
5.2. AzXP-nə ilk seçkilər təsisçilərin qərarı ilə təyin edilir. AzXP-nin deputatı olmaq istəyən şəxslər öz namizədliyini irəli sürür və qeydiyyatdan keçmiş namizədlərin siyahısını «Seçki Komissiyası» seçicilərə təqdim edir.
5.3. Azərbaycan Respublikasının aktiv seçki hüquqlu bütün vətəndaşları və əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər AzXP-nin deputatlığına namizəd ola bilərlər.
5.4. Hər bir seçicinin siyahıdakı namizədlərin maksimum yarısına səs vermək hüququ var.
5.5. Səsvermə prosesi bir həftə müddətində davam edir. Təqdim edilmiş siyahıda namizədlərin ən çox səs toplamış yarısı deputat seçilmiş hesab edilir.
5.6. Fəaliyyətə başladıqdan sonrakı hər üçüncü ayın son həftəsinin bazar ertəsi günündən başlamaqla, bir həftə müddətində Parlamentə əlavə seçkilər keçirilir. Bu halda hər bir seçicinin siyahıdakı namizədlərin maksimum dörddə birinə səs vermək hüququ var. Təqdim edilmiş siyahıda namizədlərin ən çox səs toplamış dörddə biri deputat seçilmiş hesab edilir.
5.7. Parlament qarşısına qoyulmuş məqsədlərə çatana qədər daimi əsaslarla fəaliyyət göstərir.
5.8. Parlamentdə deputatların səlahiyyət müddəti bir ildir.
5.9. Səlahiyyət müddəti bitmiş deputatların sayı qədər yeni deputatlar seçilir. Təqdim edilmiş siyahıda ən çox səs toplamış namizədlər deputat seçilmiş hesab edilir.
5.10. «Azərbaycan Xalq Parlamenti»nin üzvləri sonradan seçki qaydalarına əlavə və ya düzəlişlər edə bilərlər.
6. "Azərbaycan Xalq Parlamenti"nin strukturu, əsas fəaliyyət istiqamətləri, deputatların hüquq və vəzifələri
6.1. "Azərbaycan Xalq Parlamenti"ndə ümumi rəhbərlik və toplantıların idarə edilməsini Rəyasət Heyəti həyata keçirir. Rəyasət Heyəti 3 nəfərdən ibarətdir. Rəyasət Heyətinin tərkibi Parlamentin ilk iclasında seçilir.
6.2. Rəyasət heyəti seçilənədək ilk iclasa sədrliyi deputatların ən yaşlı nümayəndəsi həyata keçirir.
6.3. Rəyasət Heyəti kollegial orqandır, ümumi rəhbərlik və iclaslara sədrlik növbəlilik qaydasında həyata keçirilir. Növbəlilik, püşkatma nəticəsində müəyyən edilmiş ardıcıllıqla, hər dörd aydan bir tətbiq edilir:
6.3.1. Parlamentin sədri, nəzərdə tutulan dörd ay müddətində "Azərbaycan Xalq Parlamenti"nə ümumi rəhbərliyi həyata keçirmək, "Azərbaycan Xalq Parlamenti"nin iclaslarına sədrlik etmək, müvafiq sənədləri imzalamaq və "Azərbaycan Xalq Parlamenti"ni təmsil etmək hüquqlarına malikdir.
6.3.2. Parlamentin sədri hər hansı bir səbəbdən vəzifəsini icra edə bilmədikdə, Rəyasət Heyətinin, püşkatma nəticəsində müəyyən edilmiş növbəti üzvü sədr funksiyasını icra edir.
6.3.3. "Azərbaycan Xalq Parlamenti" səlahiyyət vermədən onun heç bir üzvü Parlamenti təmsil edə bilməz.
6.4. "Azərbaycan Xalq Parlamenti"nin tərkibində aşağıdakı komitələr yaradılır:
6.4.1. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi
6.4.2. Korrupsiya və rüşvət ilə mübarizə
6.4.3. İnsan hüquqları komitəsi
6.4.4. Müdafiə və təhlükəsizlik komitəsi
6.4.5. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
6.4.6. Aqrar siyasət komitəsi
6.4.7. Əmək və sosial siyasət komitəsi
6.4.8. Səhiyyə komitəsi
6.4.9. Ailə, qadın və uşaq məsələləri komitəsi
6.4.10. Gənclər və idman komitəsi
6.4.11. İctimai birliklər və dini qurumlar komitəsi
6.4.12. Regional məsələlər və milli azlıqlarla iş komitəsi
6.4.13. Elm və təhsil komitəsi
6.4.14. Mədəniyyət komitəsi
6.4.15. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi
6.4.16. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi
6.4.17. AzXP başqa komitə və komissiyalar da yarada bilər.
6.5. "Azərbaycan Xalq Parlamenti"nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
6.5.1. Qanun layihələrinin hazırlanması, qəbulu, ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdimatı,
6.5.2. Mövcuq qanunlara əlavə və düzəlişlər edilməsi ilə bağlı layihələrin hazırlanması, qəbulu, ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdimatı,
6.5.3. Ölkədəki vəziyyət, Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətinə dair müzakirələrin təşkili,
6.5.4. Azərbaycanla əlaqəli olan geosiyasi durum və perspektivlər barədə müzakirələrin aparılması və qərarların qəbulu,
6.5.5. İctimaiyyəti hərtərəfli maarifləndirilmə işinin genişləndirilməsi, siyasiləşmə və təşkilatlanma istiqamətində səylərin artırılması,
6.5.6. Azərbaycanın daxili və xarici siyasət kursunun müəyyənləşdirilməsi,
6.5.7. Nizamnamə tələblərindən irəli gələn digər müzakirələrin təşkili.
6.6. "Azərbaycan Xalq Parlamenti"nin iclasları internet resursları vasitəsilə yayımlanır.
6.7. "Azərbaycan Xalq Parlamenti"nin strukturu bu Nizamnamə və deputatların qəbul etdiyi müvafiq təlimatlar əsasında fəaliyyət göstərir.
6.8. "Azərbaycan Xalq Parlamenti"nin deputatları ictimai əsaslarla fəaliyyət göstərir.
6.9. AzXP-nin xüsusi tapşırıqlarının icrası ilə bağlı deputatların fəaliyyəti maliyyələşdirilir.
6.10. Hər bir deputat Parlamentin Rəyasət Heyəti vasitəsilə, yaxud da birbaşa, gündəliyə salınmaq üçün təkliflər irəli sürə bilər,
6.11. "Azərbaycan Xalq Parlamenti"nin deputatı bu nizamnamənin tələblərinə əməl etməyə, qarşıya qoyulmuş məqsəd və məramların həyata keçməsi istiqamətində fəaliyyət göstərməyə borcludur.
6.12. “Azərbaycan Xalq Parlamenti”nin deputatı AzXP-nin nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməli, özünün əxlaq və davranışı ilə ölkə vətəndaşlarına nümunə olmalıdır, əks təqdirdə, həmin deputat, İntizam Komissiyasının rəyi əsasında və AzXP-nin qərarı ilə Parlament sıralarından kənarlaşdırılır.
6.13. “Azərbaycan Xalq Parlamenti” deputatının səlahiyyətinə aşağıdakı hallarda xitam verilir:
6.13.1. səlahiyyət müddəti başa çatdıqda,
6.13.2. mandatdan könüllü imtina etdikdə,
6.13.3 mandatdan məhrum edildikdə.
7. Nizamnamə tələblərinin pozulmasına görə məsuliyyət
7.1. Bu Nizamnamədə göstərilən tələblərə riayət etmədikdə "Azərbaycan Xalq Parlamenti"nin deputatlarına aşağıdakı tənbeh tədbirləri tətbiq edilir:
7.1.1. şifahi xəbərdarlıq,
7.1.2. yazılı xəbərdarlıq,
7.1.3. mandatdan məhrum edilmə.
7.2. Haqqında intizam tənbehi nəzərdə tutulan deputatın müvafiq toplantıda iştirak hüququ vardır və bu hüquq rəsmi qaydada dəvət etmə yoluyla təmin edilməlidir.
7.3. Deputat mandatından məhrum etmək haqqında intizam tənbehi yalnız deputatların üçdə iki səs çoxluğu ilə tətbiq edilir.
7.4. "Azərbaycan Xalq Parlamenti"nin deputatı, hüququnun pozulması ilə bağlı, müvafiq orqanlara şikayət edə bilər.
8. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi.
8.1. "Azərbaycan Xalq Parlamenti"nin Nizamnaməsinə dəyişiklik və əlavələr təklifi yalnız parlament deputatlarının dörddə bir hissəsinin təşəbbüsü ilə gündəliyə salına bilər.
8.2. Bu barədə qərar deputatların üçdə iki səs çoxluğu ilə qəbul edilir.
9. "Azərbaycan Xalq Parlamenti"nin əmlakı və maliyyə mənbələri
9.1. "Xalq Parlamenti"nin mülkiyyətində avadanlıqlar, inventarlar, pul vəsaitləri və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün, müvafiq qanunvericiliklə qadağan olunmamış əmlaklar ola bilər.
9.2. "Azərbaycan Xalq Parlamenti" hüquqi şəxsdir, maddi öhdəliklərinə görə əmlakı ilə məsuliyyət daşıyır. Bu əmlak ədalətli məhkəmə qərarı olmadan özgəninkiləşdirilə bilməz.
9.3. "Azərbaycan Xalq Parlamenti"nin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
9.3.1. Təsisçilər və "Azərbaycan Xalq Parlamenti" üzvlərinin könüllülük əsasında verdikləri müntəzəm və ya birdəfəlik üzvlük haqları, ianələr,
9.3.2. Idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların verdikləri əmlak və ianələr,
9.3.3. Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər,
9.3.4. Təsis etdiyi təsisatların qanuni fəaliyyəti nəticəsində əldə olunan gəlirlər,
9.3.5. Qanunvericiliklə qadağan olunmamış digər mədaxillər.
9.4. "Azərbaycan Xalq Parlamenti"nin üzvləri onun mülkiyyətinə daxil olan vəsait və avadanlıqlar üzərində xüsusi mülkiyyət hüququna malik deyil.
9.5. "Azərbaycan Xalq Parlamenti" müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada, Nizamnamə vəzifələrinə uyğun olaraq, öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
9.6. "Azərbaycan Xalq Parlamenti"nin hesabına daxil olmuş xüsusi təyinatlı vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
10. "Azərbaycan Xalq Parlamenti"nin buraxılmasının əsasları.
10.1. "Azərbaycan Xalq Parlamenti” bu Nizamnamənin 2-ci bölməsində nəzərdə tutulan vəzifələrini yerinə yetirdikdən sonra buraxılır.
10.2. "Azərbaycan Xalq Parlamenti" buraxılarkən onun balansında olan bütün əmlakı Azərbaycan dövlətinin büdcəsinə verilir.