01/10/2020
27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.
Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatı dünyaya bir daha ermənilərin işğalçı olduğunu göstərdi. ABŞ konqresi də Ermənistanı işğalçı ölkə kimi səciyyələndirdi. Bütün bunlardan sonra Ermənistan işğal etdiyi ərazilərdə Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq huquqa zidd olaraq qanunsuz məskunlaşdırmalar aparır. Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular işğal edilmiş ərazilərə cəmləşdirilir.
BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistanın təcavüzü dərhal dayandırılmalıdır.
Biz dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan dövlətinə işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal azad etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətini beynəlxalq hüquq və normalara riayət etməsini təmin etməyə çağırırq.
Hörmətlə,
Polşa Azərbaycanlıları Koordinasiya Şurası,
Polşadakı Azərbaycan evi