16/04/2025
Göyçayda mütərəqqi texnologiyaların tətbiqi ilə iri çəltikçilik təsərrüfatlarının yaradılması barədə sahibkarlarla maarifləndirici görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 fevral 2018-ci il tarixli 3657 nömrəli Sərəncamının 8.4.1 bəndində qeyd olunmuş Mütərəqqi texnologiyaların tətbiqi ilə iri çəltikçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi barədə sahibkarlarla maarifləndirici görüş keçirilib.
Görüşdə qeyd olunub ki, sözügedən Dövlət Proqramının məqsədi ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarətdir.
Daha sonra Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Famil Nəbiyev çıxış edərək bildirib ki, Göyçay rayonunda 2024-cü ildə 22 nəfər kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən mütərəqqi texnologiyaların tətbiqi vasitəsilə ümumilikdə 479 hektar sahədə çəltikçilik təsərrüfatları yaradılmışdır və 958 ton məhsul əldə edilmişdir. Çəltik əkini əsasən rayonun Alpout, Mirzəhüseynli, Çərəkə, Çaxırlı və Müskürlü kəndlərində əkilir.
F.Nəbiyev yerli bazarlarda tələbatın heç də az olmadığı, ailə büdcəsinə xeyli gəlir gətirən çəltikçiliyə maraq ildən-ilə artdığını qeyd edib.