29/05/2026
Saatlı rayonunun Nəsimikənd kəndində Qurban Bayramı və Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Nəsimikənd Folklor Evi nəzdində fəaliyyət göstərən Adıgün Türk Xalq Folklor Kollektivi və Nəsimikənd Adıgün Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirə Saatlı, Sabirabad və Beyləqan rayonları üzrə Bölgə rəhbəri Mühiddin Xəlilov, ATVİB İdarə Heyətinin üzvü Yaşar Hürüşanov və Axısxa türklərinin şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Həmdi Eyvazov dəvət edilib.
Tədbirin əvvəlində Mühiddin Xəlilov ATVİB-nin sədri Xalid Xəlilovun bayram təbriklərini və salamlarını iştirakçılara çatdırıb.
Tədbirin əsas məqsədi xalqımızın milli-mənəvi dəyərlərinin qorunaraq yaşadılması, zəngin folklor irsinin gələcək nəsillərə ötürülməsi, eləcə də milli birlik və həmrəyliyin təbliği olub. Bayram tədbirində kənd sakinləri, ziyalılar, gənclər və müxtəlif yaş qruplarından olan iştirakçılar bir araya gələrək həm Müstəqillik Gününün sevincini, həm də Qurban Bayramının mənəvi gözəlliklərini birlikdə bölüşüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Çıxış edən təşkilatçılar və kənd ictimaiyyətinin nümayəndələri xalqımızın müstəqillik uğrunda keçdiyi şərəfli yoldan, milli azadlıq ideallarından və dövlətimizin əldə etdiyi uğurlardan bəhs ediblər. Eyni zamanda, Qurban Bayramının insanları mərhəmətə, paylaşmağa və birlik ruhuna səsləyən müqəddəs bir bayram olduğu vurğulanıb.
Tədbirin bədii hissəsində Adıgün Türk Xalq Folklor Kollektivinin üzvləri tərəfindən müxtəlif folklor nümunələri, xalq mahnıları, rəqslər və səhnəciklər təqdim olunub. Milli geyimlərdə çıxış edən iştirakçılar qədim türk folklorunun zənginliyini nümayiş etdirərək tamaşaçıların rəğbətini qazanıblar. Tədbirdə milli rəqslər və vətənpərvərlik mövzusunda şeirlər xüsusi maraqla qarşılanıb.
Bayram tədbiri kənd sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. İştirakçılar belə tədbirlərin milli-mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Tədbirin sonunda folklor kollektivinin üzvləri fəxri fərmanlarla təltif edilib. Sonda xatirə şəkilləri çəkdirilib, iştirakçılara xoş arzular çatdırılıb və tədbir yüksək əhval-ruhiyyə ilə başa çatıb.
ATVİB-nin Mətbuat Xidməti.