12/12/2025
Alternativ Enerji və Təbii Fəlakətlər üzrə Mobil Tətbiq İctimaiyyətə Təqdim Olundu-AZGreenMAN
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən 2025-ci il kiçik qrant müsabiqəsinin qalibi olan “Alternativ enerjidən istifadə texnologiyaları və təbii fəlakətlər zamanı tətbiqi üzrə məlumatlandırıcı kitabça və mobil tətbiq” adlı layihə çərçivəsində hazırlanan mobil tətbiq ictimaiyyətə təqdim edilib.
Layihə çərçivəsində yaradılan AzGreenMan adlı mobil tətbiq mühəndis alimlər, innovasiya mütəxəssisləri və universitet tələbələrinin birgə fəaliyyəti nəticəsində hazırlanıb və artıq Play Store platformasında istifadəyə verilib. Tətbiqin əsas məqsədi alternativ enerji sahəsinə maraq göstərən gəncləri, tələbələri və mütəxəssisləri maarifləndirmək, eləcə də enerji sahəsində innovativ yanaşmaları geniş ictimaiyyətə çatdırmaqdır.
AzGreenMan tətbiqinin funksionallıqları genişdir. Tətbiqdə Azərbaycan xəritəsi üzərindən bütün bölgələr üzrə iqlim riskləri, təbii fəlakət göstəriciləri və təhlükə səviyyələri real vaxtda təqdim olunur. Hazırlanmış xəbərdarlıq sistemi baş verə biləcək iqlim hadisələri və digər fövqəladə hallar barədə istifadəçilərə operativ şəkildə bildirişlər göndərir.
Bundan əlavə, tətbiqdə yaşıl texnologiyalardan istifadə edərək şəxsi enerji istehsalı barədə praktiki, addım-addım izahlar, müasir alternativ enerji qurğuları barədə məlumat bazası və təhlükəsizlik üzrə tövsiyələr yer alır. Həmçinin istifadəçilər üçün davamlı enerji sahəsində yenilikləri əks etdirən xəbər platforması da tətbiqə inteqrasiya olunub.
Layihə “Gənclərin Tərəqqisinə Dəstək” ictimai birliyinin gənc alim və tədqiqatçılarından ibarət komanda tərəfindən həyata keçirilib. Birlik nümayəndələrinin sözlərinə görə, bu tətbiq həm cəmiyyətin enerji savadlılığının artırılmasına, həm də ölkədə davamlı inkişaf üzrə maariflənməyə mühüm töhfə verəcək.
Layihə çərçivəsində 2 tədbir baş tutmuşdur.
1. AzGreenMan mobil tətbiqinin hazırlanmasında gənc ixtiraçıların iştirakı adlı tədbir
AzGreenMan mobil tətbiqinin hazırlanması prosesində Azərbaycan Texnologiya Universitetinin Ekologiya mühəndisliyi ixtisasında təhsil alan gənc ixtiraçı və tələbələrin xüsusi rolu olub. Layihə çərçivəsində universitetin innovasiya yönümlü tələbələri texniki komandaya qoşularaq tətbiqin funksional bölmələrinin hazırlanmasında aktiv iştirak ediblər.
Tələbə-ixtiraçılar:
tətbiqin məlumat bazasının formalaşdırılması,
bölgələr üzrə iqlim və risk xəritəsinin hazırlanması,
alternativ enerji texnologiyalarının izahı üçün kontent hazırlanması,
tətbiqin test mərhələsində texniki xətaların aşkarlanması,
istifadəçi təcrübəsinin təkmilləşdirilməsi
kimi istiqamətlərdə mühüm töhfələr veriblər.
Bu iştirak həm onların praktiki bacarıqlarının artmasına, həm də ekoloji innovasiyalar sahəsində real layihə üzərində işləmə təcrübəsi qazanmalarına imkan yaradıb.
Layihədə gənclərin iştirakı, bir tərəfdən, onların elmi potensialının inkişafına, digər tərəfdən isə universitet daxilində ekoloji innovasiya mühitinin güclənməsinə mühüm töhfə verib. AzGreenMan tətbiqi məhz bu əməkdaşlığın nəticəsi olaraq müasir texnologiyaları ekoloji biliklərlə birləşdirən uğurlu bir nümunəyə çevrilib.
2. AzGreenMan mobil tətbiqinin universitet tələbələri arasında təqdimatı “Alternativ enerjidən istifadə texnologiyaları və təbii fəlakətlər zamanı tətbiqi üzrə məlumatlandırıcı mobil tətbiq” olan AzGreenMan universitet tələbələri və müəllimləri arasında xüsusi təqdimat mərasimi ilə tanıdılıb. Təqdimat Azərbaycan Texnologiya Universitetində Ekologiya mühəndisliyi, Enerji mühəndisliyi və İnformasiya texnologiyaları üzrə təhsil alan tələbələrin, eləcə də müvafiq kafedraların müəllim heyətinin iştirakı ilə keçirilib.
Tədbirdə layihənin məqsədləri, tətbiqin funksiyaları, hazırlanma prosesi və onun ekoloji maarifləndirmə baxımından əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tətbiqin əsas xüsusiyyətləri — alternativ enerji texnologiyaları haqqında məlumat bazası, Azərbaycan xəritəsi üzrə iqlim və təbii fəlakət riskləri, xəbərdarlıq sistemləri və enerji üzrə praktiki tövsiyələr iştirakçılara canlı təqdim olunub.
Təqdimat zamanı:
tələbələr AzGreenMan tətbiqinin işləmə mexanizmini interaktiv şəkildə sınaqdan keçirib,
müəllimlər tətbiqin tədrisdə istifadəsi, xüsusilə ekoloji biliklərin artırılması və tələbələrin praktiki təcrübəsinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb,
layihədə iştirak edən gənc ixtiraçı tələbələr hazırlıq mərhələsində gördükləri işlər barədə çıxış ediblər.
Tədbir zamanı həmçinin tətbiqin gələcəkdə genişləndirilməsi, yeni məlumat modullarının əlavə olunması və onun digər universitetlərdə də yayılması ilə bağlı müzakirələr aparılıb. Müəllim və tələbələrin rəyləri nəzərə alınaraq tətbiqin inkişafı üçün əlavə istiqamətlər müəyyən edilib.
https://etv.az/alternativ-enerji-v%c9%99-t%c9%99bii-f%c9%99lak%c9%99tl%c9%99r-uzr%c9%99-mobil-t%c9%99tbiq-ictimaiyy%c9%99t%c9%99-t%c9%99qdim-olundu-azgreenman/