17/11/2019
Həyatınıza və özünüzə niyə və necə müxtəliflik qatmaq?
Hər kəs kimi biz də bəzən cəmiyyətin bizləri məhkum etməyə çalışdığı həyat tərzlərində itib-bata bilirik. Həyatımızın monotonluğu da bu həyat tərzlərinə ilişib qalmaqdan doğur. Çoxlu misal gətirməyə ehtiyac yoxdur; hardasa hamımızın həyatının bir parçası olan və ya olacaq səhər 9 - axşam 6 rutini, ən sadə örnəkdir. Razıyam ki, cəmiyyətin bu qəliblərininin qırağına çıxmaq böyük cəsarət və əmək tələb edir; bu öz-özlüyündə böyük bir debatdır və başqa bir uzun məqalənin mövzusudur. Bu yazıda isə, niyə və necə bu monotonluğu rəngləndirməliyilik suallarına cavab verməyə çalışacam.
Niyə müxtəliflilik?
Mənim düşüncəmdə bu müxtəliflik və rəngarənglik, bir əlavədən çox zəruriyyətdir; həyatı sağlam bir şəkildə yaşaya bilmək üçün bir zəruriyyət... Unutmamalıyıq ki, insan təbiətin bir parçası olaraq, belə bir-iki sahəyə fokuslanacaq şəkildə təkamül etməyib. Biz ümumi varlıqlarıq, əsas da əqli olaraq: umumi bir intellektimiz var və bu intelekti qanə etmək və layiqincə istifadə üçün çeşidliyə ehtiyacımız var. Gələcəyin işləri də get-gedə daha da fərqli bacarıqları özündə birləşdirən insanlar axtaracaq. Hətta bu trend artıq başlayıb: buna ehtiyac olduğunu artıq Avropa və Amerika universitətlərindəki interdisciplinary ( disiplinlər-arası) proqramların artmağından görmək olar. Bu faktor olmasa belə müxtəlif bacarıqlara sahib olmaq sizə yenə də gələcəkdə daha çox iş seçim imkanı yaradır. Çeşidliliyin insana ən önəmli qatqısı isə, bəlkə də, ona yaradıcılıq üçün daha geniş sahə açmasıdır...
Bu məsələ haqqında bir az daha detallı danışmaq istəyirəm. Yaradıcılıq bizə və ətrafımıza ən çox əlavə dəyər qatan keyfiyyətdir. Lakin, bir-iki məsələyə fokuslanmaq və monotonluq yaradıcılıqdan tamam uzaqlaşmaq deməkdir, çünki yaradıcılıq fərqli sahələrin, bacarıqların, təcrübələrin birləşdirilməsinin məhsuludur. Hər yeni fikir özündən əvvəlki ideyaların formasını bir az dəyişməsindən və bir neçəsinin birləşdirilməsindən yaranır. Fizikanın ən təməl qanunlarından biri də bunu güclü şəkildə dəstəkləyir: maddə və enerji yoxdan yarana bilməz və yox edilə bilməz; ancaq formasını dəyişdirə bilər. Fikirlər, ideyalar da enerji kimidir: göydən sizə fikir gələ bilməz, ancaq artıq bildiklərinizin fomasını dəyişdirib ya da onları birləşdirərək, yeni fikirlər yarada bilərsiniz. Yaradıcılıq bax elə bu sahib olduqlarını dəyişdirmə və ya birləşdirmə bacarığıdır. Bu bacarığın mənalı istifadəsi üçün də, üzərində işləyəcək bilgi, material, təcrübə lazımdır. Bu bilgilər nə qədər müxtəlif olsa, yarada biləcəyiniz yenilik və onun qatacağı dəyər bir o qədər böyük olar. Müxtəlifliyin, rəngarəngliyin yaradıcılıq üçün önəmi tam da bundan ibarətdir.