13/03/2025
"Yaşıl Dünya və İnklüziv İdman" layihəsinin rəsmi açılış tədbiri keçirildi
06 mart 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi" çərçivəsində, TOPs layihəsinin təlimçisi, Bakı Avropa Liseyinin müəllimi Şamil Qorxmaz oğlu tərəfindən təqdim olunmuş və uğur qazanmış "Yaşıl Dünya və İnklüziv İdman" layihəsinin rəsmi açılış tədbiri keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və dəvət olunmuş qonaqlar iştirak etdilər. Layihənin rəhbəri Şamil Qorxmaz oğlu açılış nitqində layihənin məqsədləri və əhəmiyyəti barədə geniş məlumat verdi. O, idmanın sağlamlıq üçün əhəmiyyətini, şagirdlərdə idmana marağın artırılmasının vacibliyini və inklüziv mühitin yaradılmasının önəmini vurğuladı.
Daha sonra layihənin eksperti Vəli Musayev çıxış edərək layihənin praktik tətbiqi və gözlənilən nəticələri haqqında danışdı. O, layihə çərçivəsində təşkil olunacaq idman tədbirlərinin fiziki aktivliyi artırmaqla yanaşı, inklüzivliyin inkişafına da töhfə verəcəyini qeyd etdi. O bildirdi ki, bütün şagirdlərin bərabər şəkildə iştirak edə biləcəyi bir mühitin yaradılması əsas prioritetlərdəndir və bu yanaşma onların sosial bacarıqlarının formalaşmasına kömək edəcək. Eyni zamanda "Yaşıl Dünya" anlayışının layihənin əsas istiqamətlərindən biri olduğunu qeyd edərək, ekologiyanın qorunmasının gələcək nəsillər üçün nə qədər vacib olduğunu vurğuladı.
Daha sonra məktəb rəhbərliyi söz alaraq fiziki fəaliyyətin təkcə bədənə deyil, eyni zamanda zehni fəaliyyətə göstərdiyi müsbət təsirlərdən danışdı. Rəhbərlik qeyd etdi ki, mütəmadi idmanla məşğul olan şagirdlərdə konsentrasiya və yaddaş güclənir, stress səviyyəsi azalır və dərs müvəffəqiyyəti artır. Eyni zamanda, idmanın şagirdlərdə intizam və məsuliyyət hissini inkişaf etdirdiyini, onlara öz vaxtlarını düzgün idarə etməyi öyrətdiyini vurğuladı.
📌 Layihənin məqsədləri:
✅ Şagirdlərdə idmana marağı artırmaq
✅ Sağlam həyat tərzini təşviq etmək
✅ İnklüziv idman mühiti yaratmaq
✅ Ekoloji maarifləndirməni gücləndirmək
✅ Fiziki fəaliyyətin şagirdlərin akademik göstəricilərinə müsbət təsirini artırmaq
Tədbirin ikinci hissəsində şagirdlər idman zalında müxtəlif oyunlar və məşğələlərdə iştirak edərək layihənin praktiki hissəsini təcrübədən keçirdilər.
Layihə 3 ay müddətində 3 məktəbdə həyata keçiriləcək. Bu layihənin şagirdlərin idmana marağını artıracağına, onların sağlam həyat tərzinə və akademik nailiyyətlərinə müsbət təsir göstərəcəyinə inanırıq.