12/06/2026
ELXAN YUNİS – 55
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar artist Elxan Yunisin yubileyidir, 55 yaşı tamam olur. Elxan Yunis 1988-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1993-cü ildən Gəncə Dövlət Dram teatrında fəaliyyət göstərməyə başlayıb. Teatrda hazırlanan tamaşalarda müxtəlif səpgili rollar oynayıb.
Altay Məmmədov - “Dəli Domrul", Hüseyn Cavid – “Ana", T.Əliyev - "Sabir dərdi", Cəfər Cabbarlı-"Aslan və Fərhad", Cəfər Cabbarlı-"Oqtay Eloğlu", İlyas Əfəndiyev - "Mahnı dağlarda qaldı", İ.Əfəndiyev-"Unuda bilmirəm, H.Cavid-"Afət", N.V.Qoqol-"Evlənmə", J.B. Molyer-"Skapenin kələkləri", Mirzə Fətəli Axundov-"Müsyo Jordan və Dərviş Məstəli şah", Cəlil Məmmədquluzadə - "Dəli yığıncağı", Nodar Dumbadze - "Ağ bayraqlar", Elçin-"Cəhənnəmdən cənnətə" əsərlərində maraqlı rollar oynayan aktyor, eyni zamanda filmlərdə, seriallarda da çəkilib. "Kənar adamlar" (1992), "Ağ atlı oğlan" (1995), "Xoca" (2012) filmlərində, "Həkimlər"(2012-2013), "Pərvanələrin rəqsi" (2012-2013), "Qız yükü" (2013), "Səndən sonra" (2013-2014), "Vicdan haqqı" (2016-2018 və s. seriallardakı rolları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Maraqlı ifası ilə diqqəti çəkən Elxan Yunisin səhnə fəaliyyəti 2014-cü ildə Əməkdar artist fəxri adı ilə qiymətləndirilib. 2017-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən Beynəlxalq Qısa Film Festivalında "Qara bağ" filmində canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülmüşdür.
Azərbaycan Kinematoqrafçılar İttifaqı adından geniş tamaşaçı auditoriyasının sevgisini qazanmış Elxan Yunisi yubileyi münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!