24/09/2024
Bu il, müstəqil ölkəmiz illər öncə xəyal etdiyimiz və düşündüyümüzdən daha böyük tarixi hadisələrə imza atdı. İlk dəfə ölkəmizin bütün ərazisində prezident və parlament seçkiləri keçirilmişdir ki, bu da 30 il ərzində davam edən işğaldan sonra, həyata keçən tarixi bir hadisədir. Azərbaycan xalqı öz qüdrətini nümayiş etdirdi, dünya miqyasında güclü iradəsi ilə tanındı və geniş miqyaslı quruculuq işlərinə başladı və bu inkişaf da bütün dünyanı təccübləndirdi. Qüdrətli Azərbaycan dövləti modeli həm hərbi ,həm iqtisadi və siyasi müstəvidə uğur qazandı, ölkəmizin beynəlxalq mövqeyi möhkəmləndirdi. Baxmayaraq ki, bu inkişafı, tərəqqini gözü götürməyən ölkələr var. Lakin düşünürük ki, əsassız ittihamlar xalqımızın iradəsinə heç cür təsir göstərə bilməyəcək.
Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib və dövlətimizin başçısı möhtəşəm bir nitq söylədi. "Dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçir. Üç gün bundan əvvəl biz artıq bu günü bayram günü kimi qeyd etmişik. Bununla bərabər, demək istərdim ki, arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq." Bəli, bu gün dayanıqlı inkişaf üçün hər birimiz öz töhfəmizi verməliyik. Hərbi gücümüzün artması isə ölkə qarşısında duran əsas vəzifələrdən biridir. Həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət etməyə vadar edir. Daha önəmli vəzifələrdən biri isə sərhədlərimizin qorunması ilə bağlıdır. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür.
Digər vacib vəzifə isə ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq biz, bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. 20 Sentyabr - suverenliyimizin tam bərpa edilməsi günü unudulmamalıdır və bu tarixi həqiqət danışıqlar masasında da daim olmalıdır. Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcəkdir.
Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi sədri Seidova Xoşbəxt