09/04/2026
Dərin hüznlə bildiririk ki, uzun illər Azərbaycan Rəssamlıq Akademiyasının “Memarlıq” kafedrasında dosent vəzifəsində çalışmış Axundov Fərhad Əhməd oğlu vəfat etmişdir.
Fərhad Axundov 3 yanvar 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1965–1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, daha sonra müxtəlif təşkilatlarda memar kimi fəaliyyət göstərmişdir.
O, 1975–1989-cu illərdə Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayonunun, 1989-cu ildə isə Kirov (indiki Binəqədi) rayonunun baş memarı vəzifələrində çalışmışdır.
Memarlıq fəaliyyəti ilə yanaşı, Fərhad Axundov pedaqoji sahədə də səmərəli fəaliyyət göstərmişdir. 1999-cu ildən Azərbaycan İncəsənət İnstitutunda, 2001-ci ildən etibarən isə Azərbaycan Rəssamlıq Akademiyasının “Memarlıq” kafedrasında dosent kimi çalışmışdır. Onun yetirmələri bu gün ölkədə və xaricdə memarlıq sahəsində uğurla fəaliyyət göstərirlər.
Fərhad müəllim yüksək peşəkarlığı ilə yanaşı, səmimiyyəti və insani keyfiyyətləri ilə də seçilmiş, tələbələri və həmkarları tərəfindən dərin hörmət və rəğbət qazanmışdır.
Görkəmli memar və təcrübəli pedaqoq Fərhad Axundovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!