05/06/2026
İcbari Sığorta Bürosu (İSB) Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna (IFIGS) tamhüquqlu üzv qəbul olunub.
IFIGS dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən sığorta zəmanət fondlarını və analoji qurumları bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. Forumda ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Avstraliya, Cənubi Koreya, Türkiyə və Qazaxıstan kimi ölkələrin aidiyyəti qurumları təmsil olunur.
İSB-nin IFIGS-ə üzvlüyü beynəlxalq təcrübəyə çıxış imkanlarının genişlənməsinə, sığorta zəmanət mexanizmlərinin inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsinə və Azərbaycan sığorta sektorunun beynəlxalq səviyyədə təmsilçiliyinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Bu mühüm addım ölkədə sığorta sisteminin dayanıqlılığının artırılmasına, metodologiya və risklərin idarə olunması sahəsində qabaqcıl yanaşmaların öyrənilməsinə, habelə sığortalıların və zərərçəkmiş şəxslərin maraqlarının daha effektiv qorunmasına xidmət edəcək.