26/11/2025
Xəzərin o biri sahilində ekoloji təhlükə: yaşıl enerji nə qədər yaşıldır?
Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin ən böyük yaşıl hidrogen layihəsi olan Hyrasia One ilə bağlı ekoloqların artan təzyiqləri ilə üzləşir. İsveç-Alman “Svevind Energy Group” şirkətinin Qazaxıstanın Manqıstau bölgəsində həyata keçirməyi planlaşdırdığı “Hyrasia One” layihəsi böyük ekoloji risklər doğurur. Layihə “yaşıl” hidrogen istehsalında dünyanın aparıcı layihələrindən biri olacağı və 40 GW-ə qədər bərpa olunan enerji hasil edə biləcəyi bildirilsə də, bioloqlar və ekoloji fəallar layihənin təbiətə və bioçeşidliliyə ciddi ziyan vuracağına diqqət çəkirlər. Nazirliyin yanında fəaliyyət göstərən İctimai Şura layihənin əsas infrastrukturunun Manqistau bölgəsində biomüxtəlifliyə təhlükə yaratdığı üçün yerinin dəyişdirilməsini tövsiyə edib.
“Hyrasia One” layihəsi üçün təxminən 5,500 km² torpaq sahəsi ayrılır. Layihəyə Xəzər dənizi sahilində, Kurık liman qəsəbəsi yaxınlığında 70 km² sənaye kompleksi də daxildir.
Külək təsisatları 5,000-dən çox turbindən ibarət olacaq, hər birinin hündürlüyü 150 metr təşkil edəcək. Günəş panelləri isə ümumilikdə 150 km² sahəni əhatə edəcək.
Ekoloqlar xəbərdarlıq edirlər ki, layihənin hazırkı planı Qazaxıstanın Qırmızı Kitabına daxil edilmiş ceyranların yaşayış və miqrasiya marşrutları ilə üst-üstə düşür. Külək turbinləri, günəş panelləri, yeni yollar və elektrik ötürücü xətlər bu ekosistemləri parçalaya və Qazaxıstan, Özbəkistan və Türkmənistan arasında aparılan transsərhəd təbiəti mühafizə layihələrini poza bilər. Layihə ərazisində həmçinin kulanlar, ön Asiya bəbiri, çöl qartalı və digər nadir quş növləri kimi canlıların yaşayış bölgələri, eləcə də miqrasiya yolları yerləşir.
Layihənin aşağıdakı qorunan ərazilərə təsir göstərə biləcəyi vurğulanır: Ustyurt Dövlət Təbiət Qoruğu və onun təklif olunan “Cənub Ustyurt” əlavəsi, Kızılsay Milli Parkı (Qazaxıstan), Cənub Ustyurt Milli Parkı (Özbəkistan), Türkmənistanın Gaplangır Qoruğu, o cümlədən Sarıkamış və Şasenem qoruqları.
Mütəxəssislər “Hyrasia One” layihəsinin həyata keçirilməsi nəticəsində aşağıdakı risklərin yaranmasından narahatdırlar:
● Ekoloji koridorların və nadir növlərin yaşayış yerlərinin pozulması,
● Miqrasiya yollarının kəsilməsi,
● Quşların külək turbinləri və elektrik xətləri ilə toqquşması,
● Qorunan ərazilərdə brakonyerliyin artması.
Bundan əlavə olaraq , Xəzər dənizindən su götürülməsinin (ildə 93 milyon m³-ə qədər) və təmizlənmiş çirkab suların dənizə axıdılmasının (ildə 43 milyon m³-ə qədər) planlaşdırılan həcmləri də dəniz ekosistemlərinə uzunmüddətli təsirlərlə bağlı suallar doğurur.
Üç Qazaxıstan qeyri-hökumət təşkilatı — EcoMangistau, EcoMuseum və BRCC — 2025-ci ilin fevralında Almaniyanın yüksək səviyyəli rəsmlərinə, o cümlədən Prezidentə və nazirliklərə müraciət edərək layihənin açıq, elmi əsaslı və cəmiyyətin iştirakı ilə aparılmasını tələb edib.
Ekoloqlar layihənin yerini dəyişərək sənayeləşmiş, əvvəllər neft-qaz fəaliyyəti aparılan sahələrə yönəldilməsini təklif edirlər. Belə yanaşma təbii ekosistemlərin qorunmasına, mövcud infrastrukturdansa (yollar, elektrik xətləri) istifadəyə və logistikanın sadələşdirilməsinə imkan verərdi. Eko-aktivistlər və mütəxəssislər ekoloji təsir qiymətləndirilməsi (EİA) həyata keçirilməsini, biomüxtəlifliklə bağlı tam məlumatların ictimaiyyətə açıqlanmasını və yerli icmaların qərarvermə prosesinə cəlb olunmasını tələb edirlər.
The Times of Central Asia-nın əvvəlki məlumatına əsasən, Hyrasia One Qazaxıstanın Avropa İttifaqına yaşıl enerji ixracçısına çevrilmək niyətindədir. Layihənin eyni zamanda Çinlə enerji əməkdaşlığının genişlənməsindən faydalanacağı gözlənilir ki, bu da onun siyasi əhəmiyyətini daha da artırır.
https://www.brcc.kz/2025/04/19/price-of-green-energy-how-hyrasia-one-project-affect-the-nature-mangistau/ (eng)
https://www.brcc.kz/2025/04/19/price-of-green-energy-how-hyrasia-one-project-affect-the-nature-mangistau/ (ru)
https://timesca.com/environmentalists-urge-relocation-of-hyrasia-one-green-hydrogen-project/
Fotolar (sözügedən ərazidə çəkilib): Birdwatcher Bourke
Lamiyə | ecofront