02/06/2026
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Tələbədən məktəbliyə” layihəsi çərçivəsində Cinayət hüququ və kriminologiya kafedrasının nəzdində təsis edilən Cinayət Hüququ Klubu (CLC) tərəfindən “Təhlükəsiz cəmiyyətin sorağında: yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti” mövzusunda maarifləndirici təlimlər uğurla həyata keçirilmişdir.
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində təşkil olunan layihə çərçivəsində Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbdə və Ucar rayonu Rafiq Abbasov adına Lək kənd 1 nömrəli tam orta məktəbdə məktəblilərlə görüşlər təşkil olunmuşdur.
Təlim zamanı iştirakçılarla cinayət hüququnun əsas anlayışları, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin xüsusiyyətləri, hüquqazidd əməllərin nəticələri və hüquqi maariflənmənin əhəmiyyəti barədə interaktiv müzakirələr aparılmış, məktəblilərin mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırılmışdır.
Layihənin əsas məqsədi məktəblilər arasında cinayət-hüquqi maarifləndirmənin gücləndirilməsi, hüquqi düşüncənin inkişaf etdirilməsi və hüquqi məsuliyyət hissinin formalaşdırılmasına dəstək göstərməkdir.
Layihənin həyata keçirilməsinə göstərdikləri dəstəyə və yaradılan şəraitə görə məktəb rəhbərliklərinə təşəkkürümüzü bildiririk⚖️