10/07/2025
İyulun 10-da ADA Universitetində "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbir keçirilib.
Tədbirdə cari ildə keçirilən sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən təhsilverənlər və digər qonaqlar da iştirak ediblər. Tədbirdə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli də iştirak edib.
Sertifikatlaşdırma prosesinə dair geniş təqdimatla çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, sertifikatlaşdırmanın məqsədi müəllimlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirərək təhsildə keyfiyyəti artırmaqdır. Bu prosesin nəticələri peşəkar müəllim bazasını daha aydın görməyə imkan verir.
2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllimin iştirak etdiyini vurğulayan Emin Əmrullayev deyib ki, 2026-cı ilin sonunadək bütün müəllimlər bu prosesdən keçmiş olacaqlar. Çıxışında sertifikatlaşdırma prosesinin nəticələrinə dair bəzi statistik məlumatları da diqqətə çatdıran nazir sertifikatlaşdırma nəticələrinin müəllimlərin əməkhaqqına təsirindən də danışıb.