24/06/2025
Elvin Mustafayevə qarşı 6 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilib
Üzvümüz Elvin Mustafayevin bir aydan artıq müddətdir karserdə saxlanılmasının səbəbi məlum olub. Belə ki, Elvin Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirildikdən dərhal sonra müəssisə rəisi Fariz Əliyevin yanına aparılıb. Elvinin yaxınlarına verdiyi məlumata görə, otağa daxil olan kimi rəis Fariz Əliyev ona “bura gəldiyin zonalar kimi deyil, burada ağıllı ol” deyərək üzünə şillə vurub.
Elvin bu davranışa etiraz edərək bunun qanunsuz və alçaldıcı olduğunu bildirib. Bu zaman müəssisənin rejim əməliyyatçıları Samir və Əli adlı şəxslər də rəisə qoşularaq Elvin Mustafayevə ağır fiziki işgəncə veriblər.
Bir neçə gün öncə Elvinin səhhətində yaranan problemlərlə bağlı paylaşdığımız məlumatın əslində ona verilən işgəncələrin nəticəsi olduğu ortaya çıxıb. Elvinin sözlərinə görə, rəis Fariz Əliyev və rejim əməliyyatçıları Samir və Əli ona xüsusi amansızlıqla fiziki zorakılıq göstəriblər. Onun baş və bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr endirilib. Nəticədə Elvinin qulağı partlayıb və o, huşunu itirib. İşgəncədən bir aydan çox vaxt keçməsinə baxmayaraq, Elvin hələ də qulağında iltihab və bədənində kəskin ağrılar yaşadığını bildirir.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası olaraq, Ombudsman aparatından və Penitensiar Xidmətdən bu hadisə ilə bağlı dərhal ölçü götürmələrini, adları çəkilən bu üç vəzifəli şəxsin Fariz Əliyev, Samir və Əli məsuliyyətə cəlb olunmasını tələb edirik.