Qərbi Azərbaycan İcması - Western Azerbaijan Community

Qərbi Azərbaycan İcması - Western Azerbaijan Community Qərbi Azərbaycan İcması - Western Azerbaijan Community İcma qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur.

Community is advocating for the rights of Azerbaijanis expelled from Armenia.

15/06/2026
Görkəmli dövlət xadimi, diplomat, şair və dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı nekroloqAzərbaycanın ictimai-siyas...
14/06/2026

Görkəmli dövlət xadimi, diplomat, şair və dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı nekroloq

Azərbaycanın ictimai-siyasi, mədəni və diplomatik həyatında silinməz izlər qoymuş dövlət xadimi, Qərbi Azərbaycan İcmasının Ağsaqallar Şurasının üzvü, şair və dramaturq Hidayət Orucov 2026-cı il iyunun 13-də vəfat etmişdir.

Hidayət Orucov 1944-cü ildə Qərbi Azərbaycanda anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirdikdən sonra gənc yaşlarından etibarən həm ədəbi yaradıcılıq, həm də ictimai fəaliyyətlə aktiv məşğul olmağa başlamışdır. Bir müddət Qərbi Azərbaycanda orta məktəbdə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci idə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş və on altı il Azərbaycanın bu qədim sənət ocağına rəhbərlik etmişdir.

Hidayət Orucov Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demiş, onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur.

Hidayət Orucov İrəvanda ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə 1978-ci ildə Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adına layiq görülmüş, lakin 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq bu fəxri addan imtina etmişdir.

1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini, sonra baş redaktoru vəzifələrində işləmişdir. "Gənclik" nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm hadisədir.

Hidayət Orucov 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993–2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri, 2005–2006-cı illərdə Azərbaycan Respublikası milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifələrində çalışmış, 2006-2012-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olmuşdur. 2012-ci ildə Hidayət Orucova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmiş və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş, 2021-ci ilə qədər bu vəzifədə çalışmışdır.

Hidayət Orucov dövlətə, dövlətçiliyə və mədəniyyətə xidmətlərinə görə Əməkdar incəsənət xadimi fəxri adı, "Şöhrət" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuş və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Hidayət Orucov bütün fəaliyyəti dövründə Azərbaycan həqiqətlərinin dünyada yayılması ilə məşğul olmuş, Qərbi Azərbaycanda soydaşlarımızın yaratmış olduğu zəngin və qədim mədəni irsi tədqiq və təbliğ etmişdir. Görkəmli dövlət xadimi, diplomat və fədakar ziyalı Hidayət Orucovun əziz xatirəsi onu sevənlərin və bütün Qərbi azərbaycanlıların qəlbində əbədi yaşayacaqdır.

Qərbi Azərbaycan İcması mərhumun doğmalarına, yaxınlarına, həmkarlarına və bütün Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

Mığrı Rayon İcması 15 iyun  Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirib13 iyun 2026-cı il tarixində Qərbi ...
13/06/2026

Mığrı Rayon İcması 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirib

13 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında Mığrı Rayon İcması 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə İcma rəhbərliyi, Mığrı şəhəri, Nüvədi, Aldərə, Tuğut, Lehvaz, Lök, Maralzəmi və Əkərək kəndlərindən olan icma üzvləri, ziyalılar, ağsaqqallar, ağbirçəklər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Mığrı rayonuna həsr olunmuş, Ümummilli lider Heydər Əliyev və ölkə başçısı İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışlarının yer aldığı video-çarx nümayiş etdirilib.

Bayram tədbiri Qərbi Azərbaycanın zəngin musiqi irsini yaşadan “İrəvan” Xalq Çalğı Alətləri Ansamblının təqdim etdiyi musiqi proqramı ilə davam edib.

Tədbirin açılışında çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, 1988–1993-cü illərdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb. Onun sözlərinə görə, məhz həmin dövrdən etibarən Azərbaycanda dövlət idarəçiliyi sistemi bərpa olunub, ölkədə sabitlik yaradılıb, qanunsuz silahlı birləşmələr ləğv edilib və dövlət quruculuğu prosesinə başlanılıb.

Əziz Ələkbərli bildirib ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı güclü orduya, dayanıqlı iqtisadiyyata və beynəlxalq nüfuza malik dövlətə çevirib. O, Milli Qurtuluş Günü münasibətilə bütün iştirakçıları təbrik edib.

Çıxışında Mığrı rayonunun Qərbi Azərbaycan tarixində xüsusi yer tutduğunu qeyd edən Əziz Ələkbərli Nüvədi kəndinin deportasiya dövründə göstərdiyi müqavimətdən bəhs edib. O vurğulayıb ki, Nüvədi 1991-ci ilə qədər öz müqavimətini qoruyaraq Azərbaycan tarixində qəhrəman kənd kimi yadda qalıb. Ə.Ələkbərli Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışının tarixi zərurət və beynəlxalq hüquqla təsbit olunmuş haqq olduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyası ardıcıl şəkildə həyata keçiriləcək və bu hüququn təmin olunması istiqamətində fəaliyyət davam etdiriləcək.

Daha sonra söz Mığrı Rayon İcmasının sədri, akademik Fikrət Əliyevə verilib. Fikrət Əliyev çıxışında belə görüşlərin keçirilməsinin əsas məqsədinin Mığrı rayonundan olan soydaşları bir araya gətirmək, onların birliyini möhkəmləndirmək və doğma yurdla bağlı tarixi yaddaşı yaşatmaq olduğunu bildirib. O qeyd edib ki, Mığrı icması bu gün də öz dəyərlərinə, adət-ənənələrinə və doğma torpaqlara bağlılığını qoruyub saxlayır.

Akademik 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin taleyində həlledici rol oynadığını vurğulayaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəni dərin siyasi böhrandan və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edib. Onun sözlərinə görə, məhz həmin dövrdən etibarən Azərbaycanda sabitlik bərqərar olub, dövlət quruculuğu prosesi sürətlənib və ölkənin gələcək inkişafının təməli qoyulub.

F.Əliyev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü və qüdrətli dövlət kimi inkişaf edir, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. O, Qərbi Azərbaycana qayıdış ideyasının artıq ümummilli məqsədə çevrildiyini bildirərək, Mığrı sakinlərinin də bu ideyanın reallaşacağı günə böyük inamla hazırlaşdıqlarını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən sabiq millət vəkili, əslən Mığrı rayonunun Nüvədi kəndindən olan Musa Musayev isə Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında oynadığı tarixi roldan danışıb. O qeyd edib ki, 1991–1993-cü illərdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət Azərbaycanın müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Musa Musayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni vətəndaş qarşıdurması və dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edərək sabitliyin və inkişafın əsasını qoyub.

Qərbi Azərbaycana qayıdış məsələsinə də toxunan Musa Musayev Mığrı icmasının bu istiqamətdə ən fəal icmalardan biri olduğunu vurğulayıb. O, xüsusilə Nüvədi kəndinin tarixi əhəmiyyətini qeyd edərək, gənclərin Qərbi Azərbaycan həqiqətlərinin təbliğində və yurd yaddaşının yaşadılmasında daha fəal iştirak etməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində rayonun ziyalıları, elm adamları, ictimai xadimləri, ağsaqqal və ağbirçəkləri çıxış edərək Mığrı rayonunun tarixi, mədəni irsi, doğma yurd yerləri ilə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyi, milli-mənəvi dəyərlərin qorunması və qayıdış ideyasının yaşadılması məsələlərinə xüsusi diqqət yetirilib.

Görüşdə gənclərin və qadınların icma həyatındakı rolu, gələcək fəaliyyət istiqamətləri, Mığrı rayonunun tarixi yaddaşının qorunması sahəsində həyata keçirilən təşəbbüslər barədə də fikir mübadiləsi aparılıb. Gənc iştirakçılar doğma yurdla bağlı düşüncələrini bölüşərək milli kimliyə bağlılıqlarını ifadə ediblər.

Tədbirin bədii hissəsində İrəvan Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarovanın rəhbərliyi ilə Qərbi Azərbaycana həsr olunmuş konsert proqramı, vətənpərvərlik mövzusunda musiqi və şeir nümunələri təqdim olunub, gənc istedadların çıxışları böyük maraqla qarşılanıb. Eyni zamanda, Qərbi Azərbaycan mövzusuna həsr olunmuş rəsm və sənət nümunələri nümayiş etdirilib.

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub İyunun 12-də Gənclər və İdman Nazirliyi...
13/06/2026

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

İyunun 12-də Gənclər və İdman Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub.

Düşərgə iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Göygöl rayonunda yerləşən abidəsini ziyarət ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Göygöl rayonunda keçirilən açılış mərasimində çıxış edənlər – Göygöl Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Əfsanə İsayeva, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Əli İsgəndərli, “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı, Azərbaycan Respublikası Auditorlar Palatasının şöbə müdiri, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü Elxan Qəmbərov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin əməkdaşı Rza Mirzəzadə Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında daha geniş təbliğinin vacibliyini vurğulayaraq, tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi, gənclərin ictimai fəallığının artırılması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasında onların rolundan bəhs ediblər.

Tədbirin bədii hissəsində İrəvan Rəqs Ansamblının təqdimatında “İrəvan yallısı” rəqs kompozisiyası nümayiş olunub, həmçinin İrəvan İdman Mərkəzi tərəfindən döyüş sənətləri üzrə təqdimat keçirilib.

Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində iyunun 14-dək davam edəcək gənclər düşərgəsi çərçivəsində kommunikasiya və ictimai çıxış, innovasiya və süni intellekt mövzularında təlimlər, komanda quruculuğu fəaliyyəti, intellektual yarış, film nümayişi, musiqili əyləncə proqramı, həmçinin Qərbi Azərbaycan – Qayıdış Konsepsiyasının müddəalarına həsr olunmuş sessiya təşkil olunacaq.Düşərgə iştirakçıları üçün Göygöl rayonu ərazisinə ekskursiya da nəzərdə tutulub.

Layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları və Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması, onların proqram əsaslı fəaliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında sistemli şəkildə təbliğində gənclərin fəallığının təşviq edilməsidir.

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı keçirilib12 iyun 2026-cı il tarixində Qərbi Azərb...
12/06/2026

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı keçirilib

12 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında Göyçə mahalının Zərkənd kəndinə həsr olunmuş “Zərkənd əmanətimizdir (Göyçə mahalı Zərkənd kəndinin tarixi-etnoqrafik salnaməsi)” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, İcma üzvləri, elm və ictimaiyyət nümayəndələri, eləcə də Zərkənd kəndinin təmsilçiləri iştirak ediblər.

Tədbirə sədrlik edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli son illərdə Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və tarixi yurd yerlərimizlə bağlı elmi nəşrlərin hazırlanmasının yeni mərhələyə qədəm qoyduğunu bildirib. O qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qərbi Azərbaycana qayıdış ideyası dövlətin strateji hədəflərindən birinə çevrilib və bu istiqamətdə tarixi yaddaşın qorunması xüsusi əhəmiyyət daşıyır. Əziz Ələkbərli kənd tarixlərinin yazılmasının böyük zəhmət tələb etdiyini vurğulayaraq, “Zərkənd əmanətimizdir” kitabının müəlliflərinə təşəkkür edib və bu nəşrin gələcək tədqiqatlar üçün mühüm mənbə olacağını bildirib.

Sonra Azərbaycan İqtisad Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, Zərkənd kənd sakini Pərviz Səmədov çıxış edərək kitabın kəndin tarixi yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Ardınca söz nəşrin elmi redaktoru, tarix elmləri doktoru, professor Vaqif Şirinoğluya verilib.O, kitabın elmi əhəmiyyətindən danışaraq, əsərdə Zərkənd kəndinin tarixi, demoqrafiyası və şəcərə sisteminin geniş şəkildə tədqiq olunduğunu vurğulayıb.

Daha sonra Zərkənd kəndi haqqında hazırlanmış video-çarx nümayiş etdirilib.

Digər çıxışçılar Zərkənd kəndinin ziyalısı Namiq Nəbiyev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, jurnalist-tədqiqatçı, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli, sabiq millət vəkili Arzu Səmədbəyli, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı, “Cümhuriyyət” qəzetinin redaktoru Rafael Becanov və kənd sakini Qurban İsmayılov çıxışlarında kitabın Zərkəndin tarixi irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm nəşr olduğunu bildiriblər.

Çıxışlarda qeyd olunub ki, “Zərkənd əmanətimizdir” kitabı təkcə bir kəndin salnaməsi deyil, bütövlükdə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi baxımından mühüm elmi mənbədir. Bildirilib ki, nəşr Zərkənd kəndinin çoxəsrlik tarixini, demoqrafik mənzərəsini və intellektual potensialını əhatə edən fundamental ensiklopedik tədqiqat əsəridir. Nəşrdə 1831, 1842, 1873 və 1886-cı illəri əhatə edən kameral təsvirlərin arxiv materialları ilə müasir şəcərə araşdırmalarının sintezi təqdim olunub, kənddə yaşamış tayfaların genealoji sxemləri sistemləşdirilib. Qeyd olunub ki, əsərdə Zərkənd məktəbinin tarixi, kəndin yetişdirdiyi alimlər, həkimlər, hüquqşünaslar, dövlət xadimləri və hərbçilər haqqında geniş məlumat verilib. Bununla yanaşı, kəndin təsərrüfat həyatı, aşıq sənəti, yerli şivənin dilçilik xüsusiyyətləri, İkinci Dünya müharibəsi və Qarabağ döyüşlərində iştirak etmiş şəhid və qazilərimizə dair zəngin sənədli materiallar toplanıb.

Tədbirin sonunda kitabın həmmüəllifi Şahin Bayramov nəşrin hazırlanma prosesi, aparılan araşdırmalar və arxiv materialları haqqında məlumat verərək, tədbirin təşkilində dəstəyə görə İcma rəhbərliyinə, eləcə də İcma Aparatının kollektivinə təşəkkürünü bildirib. O, eyni zamanda kitabın ərsəyə gəlməsində dəstək göstərən şəxslərə minnətdarlıq edib.

Qeyd edək ki, “Zərkənd əmanətimizdir (Göyçə mahalı Zərkənd kəndinin tarixi-etnoqrafik salnaməsi)” kitabının müəllifləri Şahin Bayramov, Rafiq Namazov və Əli Həziquliyevdir. Elmi redaktoru tarix elmləri doktoru, professor Vaqif Şirinoğlu, redaktoru isə Miraslan Əzizxanoğludur. Nəşrdə Zərkənd kəndinin çoxəsrlik tarixi, əhalisinin demoqrafik mənzərəsi, 1şəcərə sistemi, təhsil ənənələri, tanınmış ziyalıları, aşıq sənəti, dil xüsusiyyətləri, eləcə də İkinci Dünya müharibəsi və Qarabağ savaşlarında iştirak etmiş şəhid və qazilər haqqında zəngin məlumatlar yer alıb.

Binnət Əsgər “Maqadan: Sonuncu Dayanacaq” kitabının təqdimatı keçirilibİyunun 11-də Qərbi Azərbaycan İcmasında yazıçı-pu...
11/06/2026

Binnət Əsgər “Maqadan: Sonuncu Dayanacaq” kitabının təqdimatı keçirilib

İyunun 11-də Qərbi Azərbaycan İcmasında yazıçı-publisist Binnət Əsgərovun “Maqadan: sonuncu dayanacaq” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Milli Məclisin deputatları, ziyalılar, elm adamları, ictimai xadimlər və repressiya qurbanlarının ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyev, Vətən uğrunda canlarından keçən şəhidlər və repressiya qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimini giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli kitabın Azərbaycan tarixinin ağrılı səhifələrindən birinə həsr olunduğunu bildirib. O qeyd edib ki, əsərdə Sovet repressiyaları dövründə Sibirə və xüsusilə Maqadana sürgün edilən azərbaycanlıların taleyi geniş arxiv materialları əsasında araşdırılıb.

Əziz Ələkbərli vurğulayıb ki, müəllif uzun illər ərzində Rusiyanın müxtəlif arxivlərində araşdırmalar aparıb, yüzlərlə sənəd və fotoşəkil toplayaraq ilk dəfə ictimaiyyətə təqdim edib. Onun sözlərinə görə, kitab sürgün düşərgələrində insanların məruz qaldığı ağır şəraiti, mənəvi və fiziki əzabları bütün təfərrüatları ilə əks etdirir.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında “Maqadan: sonuncu dayanacaq” əsərinin sadəcə tarixi araşdırma deyil, həm də milli yaddaşın qorunmasına xidmət edən mühüm nəşr olduğunu bildirib. O qeyd edib ki, kitabı oxuduqca repressiya qurbanlarının taleyi, onların yaşadığı faciələr və həmin dövrün acı həqiqətləri daha aydın görünür.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc vurğulayıb ki, Azərbaycan xalqının çoxsaylı görkəmli ziyalıları və elm adamları totalitar rejimin qurbanı olub, onların həyat yolu və faciəli aqibəti bu gün də cəmiyyət üçün mühüm dərsdir. Onun sözlərinə görə, kitab həmin tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, professor Paşa Musayev (Qəlbinur) çıxışında repressiyaların insan talelərində buraxdığı dərin izlərdən danışıb. O bildirib ki, sürgün edilən insanların əksəriyyəti ağır əmək düşərgələrində yaşamağa məcbur olub, onların bir çoxu vətənə qayıda bilməyib. Professor kitabın tarixi həqiqətlərin öyrənilməsi və yaddaşlarda yaşadılması baxımından mühüm mənbə olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən yazıçı-publisist Şəmsi Qoca, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri Mirfaiq Mirheydərli, şair-publisist Hacı Loğman və sürgün olunmuş həkimlərdən biri – Zülfiqar Kərimovun nəvəsi Sevinc Qulubəyova da əsərin əhəmiyyətindən danışaraq müəllifin gördüyü tədqiqat işini yüksək qiymətləndiriblər.

Sonda kitabın müəllifi Binnət Əsgər çıxış edərək araşdırmanın ərsəyə gəlməsi prosesindən bəhs edib. O bildirib ki, “Maqadan: sonuncu dayanacaq” uzun illərin zəhmətinin nəticəsidir. Müəllif müxtəlif ölkələrin arxivlərində apardığı araşdırmalar, əldə etdiyi sənədlər və repressiya qurbanlarının ailələri ilə görüşlər əsasında kitabı hazırladığını qeyd edib.

Binnət Əsgər kitabın əsas məqsədinin Sovet repressiyalarının qurbanı olmuş azərbaycanlıların taleyini işıqlandırmaq, onların xatirəsini yaşatmaq və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq olduğunu bildirib.

Tədbir kitabın imzalanması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası keçirilib10 iyun 2026-cı...
11/06/2026

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası keçirilib

10 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması və tənzimlənməsi sahəsində beynəlxalq səviyyədə tanınan AI Governance Professional (AIGP) sertifikatı ilə bağlı məlumatlandırma sessiyası keçirilib.

Sessiyaya dövlət strukturkarında çalışan gənc mütəxəssislər, habelə Qərbi Azərbaycan İcmasını təmsil edən gənclər qatılıblar.

Sessiyanı aparan Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədr müavini, millət vəkili Kamal Cəfərov AI Governance Professional (AIGP) sertifikatının mahiyyəti, beynəlxalq əhəmiyyəti, tətbiq imkanları, karyera perspektivləri və sertifikata hazırlıq prosesi barədə iştirakçılara ətraflı məlumat verib. O, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə bu sahədə peşəkar bilik və bacarıqların artırılmasının vacibliyini vurğulayıb, AIGP sertifikatının müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasında mühüm rol oynadığını bildirib.

Daha sonra Bakı Oksford Məktəbinin orta məktəb üzrə direktor müavini, ADA Universitetinin müəllimi Rəna Ələsgərova “Süni intellektdən məsuliyyətli istifadə” mövzusunda təqdimatla çıxış edib. O, süni intellektdən istifadə zamanı etik prinsiplər, məsuliyyətli yanaşmalar və bu texnologiyaların təhsil sahəsində tətbiqi ilə bağlı fikirlərini bölüşüb. Təqdimatda süni intellekt alətlərinin tədris prosesində yaratdığı imkanlar, qarşıya çıxan çağırışlar və onların səmərəli idarə olunması məsələlərinə xüsusi diqqət yetirilib.

Sessiyada hüquq və qanunvericilik, komplayens və risklərin idarə edilməsi, strateji planlaşdırma, eləcə də rəqəmsal məhsul inkişafı sahələrində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Tədbir iştirakçıların böyük marağına səbəb olub, süni intellektin müxtəlif sahələrdə tətbiqi, idarə olunması və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Sessiya iştirakçıların ünvanladıqları sualların cavablandırılması və qarşılıqlı maraq doğuran müzakirələrlə yekunlaşıb.

10 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası və Bakı Dövlət Unive...
10/06/2026

10 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası və Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan əsilli Əməkdar elm xadimi, professor Abuzər Xələfovun anadan olmasının 95 illiyinə həsr olunmuş yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov açaraq professor Abuzər Xələfovun Azərbaycan elminə, xüsusilə kitabxanaşünaslıq sahəsinin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. O, görkəmli alimin zəngin elmi-pedaqoji fəaliyyətinin, yaratdığı elmi məktəbin və yetişdirdiyi mütəxəssislərin Azərbaycan elminin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra Bakı Dövlət Universitetinin "Redaksiya-nəşriyyat işi" kafedrasının müdiri, dosent Knyaz Aslan "Azərbaycanda kitabxanaşünaslıq elminin memarı: Əməkdar elm xadimi, professor Abuzər Xələfov irsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə professor Abuzər Xələfovun ölkədə kitabxanaşünaslıq elminin formalaşması və inkişafındakı müstəsna xidmətləri, elmi-pedaqoji fəaliyyəti, çoxsaylı tədqiqatları və yaratdığı elmi məktəbin əhəmiyyəti geniş təhlil olunub.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli professor Abuzər Xələfovun yalnız görkəmli alim deyil, həm də Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm xidmətləri olan ziyalılardan biri olduğunu qeyd edib. O bildirib ki, Qərbi Azərbaycandan olan elm və mədəniyyət xadimlərinin irsinin öyrənilməsi tarixi yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Deputat professor Abuzər Xələfovun həyat və fəaliyyətinin Azərbaycan ziyalılığı üçün örnək olduğunu vurğulayaraq, onun zəngin elmi irsinin gələcək nəsillər tərəfindən dərindən öyrənilməsinin vacibliyini qeyd edib.

Daha sonra Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Bayramov, BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, dosent Sevda Xələfova, BDU-nun Elmi kitabxanasının direktoru Nigar İsmayılova və Mərkəzi Seçki Komissiyasının üzvü, dosent Elçin Xələfov çıxış edərək professor Abuzər Xələfovun elmi fəaliyyətindən, pedaqoji xidmətlərindən və Azərbaycan kitabxanaçılıq məktəbinin inkişafındakı müstəsna rolundan bəhs ediblər.

Çıxışlarda qeyd olunub ki, professor Abuzər Xələfovun çoxşaxəli fəaliyyəti ölkənin elm və təhsil tarixində xüsusi yer tutur. Onun müəllifi olduğu əsərlər, yetişdirdiyi elmi kadrlar və formalaşdırdığı elmi məktəb bu gün də uğurla fəaliyyət göstərərək Azərbaycan elminin inkişafına mühüm töhfə verir.

Daha sonra professor Abuzər Xələfovun fəaliyyətini təbliğ edən, alimin həyat və fəaliyyəti, ərsəyə gətirdiyi nəşrlər barədə məlumatların yer aldığı https://abuzar-xalafov.info.az/ adlı saytın təqdimatı keçirilib. İcmanın Ziyalılar Şurasının üzvü, dosent Azad Qurbanov sayt haqqında ətraflı məlumat verib.

Tədbir çərçivəsində professor Abuzər Xələfovun həyat və fəaliyyətindən bəhs edən sənədli filmdən fraqment nümayiş etdirilib.

Sonda professor Abuzər Xələfovun xatirəsi ehtiramla yad edilib, onun elmi irsinin öyrənilməsi və təbliğinin, həmçinin Azərbaycan elminə və milli-mənəvi dəyərlərə verdiyi töhfələrin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Address

Mirzə Qədim İrəvani 9
Baku

Telephone

+994125623965

Website

Alerts

Be the first to know and let us send you an email when Qərbi Azərbaycan İcması - Western Azerbaijan Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qərbi Azərbaycan İcması - Western Azerbaijan Community:

Share