24/05/2025
Bugün siyasi məhbus, Toplum TV-nin hüquqi təsisçisi, media hüququ üzrə təlimçi və ekspert Ələsgər Məmmədlinin doğum günüdür. 8 Mart, 2024-cü ildən bəri Ələsgər Məmmədli şərlənərək həbs olunub.
Ələsgər Məmmədlini təbrik edir, ona tezliklə haqqı olan azadlığa qovuşmasını arzulayırıq!
Təbrikə onunla eyni “Toplum TV” işində həbs olunan digər siyasi məhbuslar da qoşulur.
***
Dəyərli Ələsgər bəy, Sizi ad gününüz münasibətilə təbrik edirəm. Sizə can sağlığı, uzun ömür və gələcək həyatınızda ailənizlə birlikdə firavan, xoşbəxt günlər arzu edirəm. Öz şəxsiyyətinizdə və faəliyyətlərinizdə göstərdiyiniz dürüst, vicdanlı və cəsarətli xarakter şəxsən mənim üçün ideal nümunədir. Sizinlə eyni yolda addımlamaqdan qürür duyuram.
Təəssüf ki, bugün Azərbaycanın vətəndaş cəmiyyətinə və demokratik dövlət quruculuğuna verdiyiniz töhfələrin qarşılığında saxta ittihamlarla üzləşdirilərək qanunsuz olaraq həbs edilmisiniz. Ümid edirəm ki, işgəncə xarakterli həbs tezliklə bitəcək və Siz də olmalı olduğunuz yerdə - azadlıqda olacaqsınız. Ailənizə, sevdiklərinizə qovuşacaqsınız.
Doğum gününüzü təbrik edir, səhhətinizdə yaranan problemlərin tezliklə aradan qalxmasını arzu edirəm. Şəfalar diləyirəm. Əminəm ki, Azərbaycan milləti və gəncliyi sizə layiq olduğunuz dəyəri verəcək.
Hörmətlə: “Cinayətkar” tələbəniz -İlkin Əmrahov
***
Dəyərli Ələsgər bəy, doğum gününüzü könüldən təbrik edirəm. Sizin hamıya mülayim yanaşmanız, rasionallığınız, təmkininiz və prinsipiallığınız bütün gənclər üçün müsbət nümundədir. Siz harada olmağınızdan asılı olmayaraq həmişə işıq saçırsınız və ölkənin azsaylı həqiqi ziyalılarından (dəyərdən salınmış bu sözü bəyənməsəniz, ziyalı əvəzinə aydın deyək) birisiniz. Ümid edirəm, hökumətin sağlamlıq vəziyyətinizi belə nəzərə almayan ədalətsiz mövqeyi tezliklə sonlanar və haqqınız olan fiziki azadlığınızı da alarsınız. Sizə görmək istədiyiniz, arzuladığınız, hüququn, qanunun aliliyininin hər şeydən üstün tutan Azərbaycanda yaşamağınızı arzu edirəm.
Hörmətlə Ramil Babayev
***
Ələsgər müəllimi yeni yaşı münasibətilə təbrik edirəm. Əlbəttə bu təbrik mesajını onu azadlıqda, işlədiyimiz ortamda bildirmək istərdim. Amma təəsüf ki, təcridxana divarları arxasından təbrikləri qəbul etməyə məcbur olur Ələsgər müəllim.
Burada ən böyük qayğımız onun sağlamlığı ilə bağlıdır. Hökumət israrla bu işıqlı insanı həbsdə saxlamağa davam edir, səhhətində olan problemlərin daha da irəliləməsinə səbəb olur.
Ələsgər müəllimə möhkəm can sağlığı arzu edirəm. İnşallah növbəti yaşını ailəsinin, dostlarının əhatəsində keçirər.
Möhkəm olun, Ələsgər müəllim, Şirə birlikdə qalib gələcəyik!
Hörmətlə Müşfiq Cabarov
***
Əzizimiz Ələsgər müəllim, Siz “müəllim” sözünün həqiqi qarşılığı olan nümunəvi şəxsiyyətsiniz. Bu fürsətdən istifadə edib, Sizdən öyrəndiklərimə görə bir daha Sizə təşəkkür etmək istəyirəm və istəyirəm biləsiniz ki, bizim eyni təşkilat daxilində faəliyyət göstərməyimiz mənim üçün qürur mənbəyidir. Heç şübhəm yoxdur ki, tarix Sizin Azərbaycanda media mühitinin peşəkarlaşmasındakı töhfələrinizi və mətbuat azadlığı uğrundə mübarizənizi layiqli şəkildə qiymətləndirəcək. Arzu edirəm, tezliklə ailənizə qovuşasınız və bu məhrumiyyət şəraitində keçirdiyiniz sonuncu doğum gününüz olsun. Var olun və həmişə tövsiyələrinizlə bizə istiqamət verin. Adgününz mübarək!
Hörmətlə Əli Zeynal