Deputatlığa namizəd Firdovsi Şahbazov

Deputatlığa namizəd Firdovsi Şahbazov Parlament seçkilərində I qrup seçicilərin özünə millət vəkili seçməsi üçün maarifləndirilməsi layihəsi

03/05/2026

PARLAMENT SEÇKİLƏRİNƏ DOĞRU YANAŞMA NƏZƏRİYYƏSİ (davamı)

Hər bir inkişaf ilk öncə düşüncənin dəyişməsindən başlayır. Ehtiyac duyulan ən vacib məsələ insanların parlament seçkilərinə yanaşmasının dəyişməsidir. İlk öncə insanlar o cür yanaşmalıdırlar ki, aidiyyatı orqanlar deputat təyinatını həyata keçirir deyə insanlar özlərinə millət vəkili seçə bilmirlər ki, seçdikləri millət vəkili onlara problemlərinin həllində kömək göstərsin. Hər kəs məsələyə bu cür yanaşsa onda problemin həllində üzərinə düşən vəzifəni müəyyən edə bilər. Məsələ şəxs olaraq kiminsə deputat təyin olunmasında və ya təyin olunanın kimliyi ilə bağlı deyildir, məsələ millət vəkilinin seçilməsi yerinə hər dəfə deputat təyinatının baş verməsidir. Bu prosesin durdurulması üçün hər kəsin töhfə verməsinə ehtiyac vardır.
Baxmayaraq 1995-ci ildən başlayaraq ölkədə 7 dəfə parlament seçkiləri keçirilib, insanların əksəriyyətinin parlament seçkiləri barədə təsəvvür və anlayışları çox aşağı səviyyədəddir, təyinatı nəzərdə tutulan namizəd nədir, trol namizəd nədir, müstəqil layiqli namizəd nədir, Müstəqil Ən Layiqli Namizəd nədir bu barədə məlumatlı deyillər. Onlara elə gəlir ki, seçki məmurların işidir və onların seçkiyə getməsi daha çox məmurlara lazımdır, ona görə çox vaxt seçkiyə getməmələrini sanki məmurlara etiraz olaraq etmiş kimi düşünüb edirlər. Onlara elə gəlir seçkiyə getsələr ancaq məmurun dediyi adama səs vermək məcburiyyətində qalacaqlar, ona görə daha doğru yolu yanlış olaraq seçkiyə getməməkdə görürlər. Təəssüflər olsun ki, bu cür seçicilərin biliyi və dünyagörüşü çox aşağı səviyyədə olduğuna görə onları maarifləndirmək çox çətindir. Onlar seçki ilə bağlı heç bir maarifləndirici çıxışı dinləmək istəmirlər və dinləmirlər, eləcə öz düşüncələri ilə fikir yürüdüb yanlış təsəvvürlərində qalmaqda davam edirlər. Onların sevdiyi sözlər var: boş şeydir, hamısı siyasətdir, hamısı oyundur, seçkinin heç bir xeyri yoxdur. Onlar bilmirlər ki, əgər sən məmurun dediyi adama səs vermək istəmirsənsə onda sənin seçkiyə getməməyini ən çox həmin məmur arzulayır, sən bəhbəhlə seçkiyə getmərəm deməklə əslində ilk öncə məmurun arzusunu yerinə yetirirsən.
Seçkiyə getsən də xeyiri yoxdur, kimi istəsələr onu da təyin edərlər deyən insan! Allahı sevərsən, bir dayan, bu fikirlərinin əleyhinə olan fikirləri də dinlə! Bax gör məmurlar təyinatı nəzərdə tutulan adamın təyin olmasını seçki vasitəsi ilə rəsmiləşdirmək üçün necə hərəkətə keçib canfəşanlıq edirlər. Əgər məsələ sənin düşündüyün kimi sadə olsaydı onlar bunu edərdilərmi? Yəni hər şey öz əllərində olsaydı, sənin səsin heç nəyi həll etməsəydi onlar belə əl-ayağa düşərdilərmi? Qətiyyən yox. Onlar bir tərəfdən sənin onların dedikləri adama səs verməyini istəyirlər, digər tərəfdən də səni demotivasiya etmək, səndə seçkiyə qarşı inamsızlıq yaratmaq üçün səs versən də, verməsən də filankəs olacaq deyib, sənə aşılayırlar ki, sənin səs verməyini istəməyimizə baxme, sən və sənin səsin elə də önəmli bir şey deyil, nəyisə həll etmir, ona görə yaxşısı budur kimə deyirik ona səs verəsən. Bunu ona görə belə edirlər ki, sənin özünə və səsinə özgüvənin olmasın, sən özünə və səsinə güvənib ən layiqli namizədə səs verib nəticə əldə etmək fikirinə düşməyəsən, elə əşi səs versən də xeyiri yoxdur fikirində qalasan.
Məmur öz vəzifəsinə, işinə görə təyinatı nəzərdə tutulan adamın xeyrinə bütün vasitələrə əl atır, gecə gündüz çalışır, mümkün olan və olmayan hər şeyi edir. Bəs sən nə edirsən? Səndən tələb olunan bircə iş var: seçki günü seçkiyə gedib ən layiqli namizədə səs vermək. Onu da eləmirsən, nəticədə məmur istədiyinə nail olur, sonra sən də ömrü boyu üzləşdiyin problemlərə görə ey hey şikayətlənmək məcburiyyətində qalırsan.
Seçkini kənardan izləyib, baxım sonu necə olur kimi yanaşma! Nəzərə al ki, əksəriyyət sənin kimi belə “ağıllı” mövqe tutduğuna görə sonda heç bir möcüzə baş vermir, müstəqil ən layiqli namizəd dəstəksiz qalır. Ona görə sən də üzərinə düşən vəzifəni icra et, seçkiyə get və ən layiqli namizədə səs ver!

ƏVVƏLKİ PARLAMENT SEÇKİLƏRİNDƏN HANSI NƏTİCƏLƏR ÇIXARILMALIDIR?

1. İnsanlar kimliyindən (həmkəndli, qohum, dost, tanış) asılı olmayaraq peyk (saxta, trol) – yəni həqiqi namizədlərin səslərini parçalamaq üçün icra hakimiyyəti tərəfindən ortaya atılan namizədlərə səs verməməlidir;
2. İnsanlar səsi qohum, həmkəndli, dost, tanış, layiqli namizəd prinsipi ilə deyil, ən layiqli namizəd prinsipi əsasında verməlidir;
3. İnsanlar trol namizəd olmaq kimi cəmiyyətə ziyan vuran şərəfsiz bir işi özlərinə rəva görüb, ona razı olmamalıdırlar;
4. Seçicilər səslərinin seçkidə önəmli olduğuna inanmalıdırlar.
TƏCRÜBƏ: 2005-Cİ İL PARLAMENT SEÇKİLƏRİ. 43 saylı Lərmərud seçki məntəqəsi. Favorit namizədlər: 1. Vaqif Musayev 2. Miri Qənbərov 3. Qurbanxan Müslümov 4. Mirmusa Cəfərov. O vaxt 22 yaşım var idi, seçki günü 43 saylı məntəqədə müşahidəçi idim. İcra hakimiyyəti strukturları Miri Qənbərov üçün səfərbər olmuşdu: 1. Nücü İƏD üzrə nümayəndə 2. Məktəb direktoru 3. Həkim məntəqəsinin həkimi 4. Rayon İH-də işləyən, kəndə ezam olunan 2 nəfər həmkəndli. Bir sözlə, 6 vəzifəli şəxs. Seçkinin nəticələri: 180 səsdən yuxarı səslə Vaqif Musayev 1-ci, 130 səslə Qurbanxan Müslümov 2-ci, 70 səslə Miri Qənbərov 3-cü yer. 6 vəzifəli şəxs təyinatı nəzərdə tutulan və sonradan təyin olunan namizəd üçün cəmi 70 səs düzəldə bildilər. Belə nəticə məhz mənim prinsipial müşahidəçi olmağım sayəsində oldu. Mən nahar vaxtı belə səsvermə otağını tərk etmədim. Baxmayaraq icra nümayəndəsinin seçki günü məntəqə ərazisində olması qanunla qadağandır, həmin gün icra nümayəndəsi seçki boyu ərazidə olub. Seçki köhnə məktəb binasında əvvəllər müəllimlər otağı olan otaqda keçirilirdi. İcra nümayəndəsi isə məktəb direktoru və məntəqə sədri ilə seçki boyu bu otağa bitişik otaqda oturmuşdu. Məntəqə sədri bir neçə dəfə həmin otaqdan sesvermə otağına gəlib, müşahidəçilər səs salır, onlara xəbərdarlıq edirəm, bir də belə olsa onları məntəqədən çıxardaram desə də seçkini aparan şəxslər hər dəfə sədrə etiraz edib bildirdilər ki, müşahidəçilər heç ağızlarını açıb danışmayıblar. Doğurdan da mən seçki boyu bir dəfə də olsun nəyəsə münasibət bildirmədim ki, onların məni məntəqədən uzaqlaşdırmaq üçün hər hansı bəhanələri yaranmasın. Çünki məlumatım var idi onlar məni uzaqlaşdırıb, qutuya Miri Qənbərovun xeyrinə bülleten doldurmaq istəyirlər. Bu onu göstərir ki, insanlar seçkiyə gedərsə və məntəqədə prinsipial və peşəkar müşahidəçi olarsa, onda nəticə də əldə etmək mümkündür. Mənə qarşı təzyiqlər hələ seçki günündən bir neçə gün öncə başlamışdı. İcra nümayəndəsi eşidəndə ki, mən seçici kimi adımı seçki siyahısına saldırmaq üçün seçki məntəqəsinə getmişəm, təşkil edərək gecə ilə seçki məntəqəsinin nömrəsini və seçici siyahılarının bir hissəsini çırdırmışdı və bu işi mənim boynuma atmaq istəyirdi. Axşam bunu edir, səhər tezdən öz evindən məntəqəyə zəng edir soruşur vəziyyət necədir? Ona deyirlər bəs axşam məntəqənin nömrəsi və seçici siyahılarının bir hissəsi cırılıb. İkinci sualı bu olur: dünən ora kim gəlmişdi? Deyirlər Firdovsi gəlib seçici siyahısına düşmək istəyirdi. Mənə də dediyi belə idi: sən dünən getmisən ora sənə deyiblər ki, seçki gününə az müddət qaldığına görə səni seçici siyahısına sala bilmərik, yəqin narazı qalmısan, bu işi eləmisən. Niyə seçici siyahılarında məhz Şahbazovlar olan hissə çırılıb?. Sonrası gün məntəqədə seçici siyahılarına baxanda məlum oldu təxribatı icra edən işi yaxşı görə bilməyib, Şahbazovlar əvəzinə Ş ilə başlayan başqa hissəni cırıb.
2020-Cİ İL PARLAMENT SEÇKİLƏRİ. 78 SAYLI LERİK SEÇKİ DAİRƏSİ. Deputatlığa namizədlərin sayı: 15 nəfər. 1 hakim partiyanın namizədi, 8 müstəqil namizəd, 6 trol namizəd. 8 müstəqil namizəddən 5-i layiqli namizəd olub. Müstəqil namizədlərə verilən səslərin mütləq əksəriyyəti həmin 5 namizədə verilib. Lakin bu namizədlərin ən çox səs toplayanı cəmi 1400 səs toplaya bilib. Əvvəlki dövrlərdə keçirilən bütün seçkilərin nəticələri göstərir ki, insanlar nəzərə almır filankəs trol namizəddir, ona səs verməyin nəinki bir əhəmiyyəti yoxdur, əksinə bu iş ümumi maraqlara zərbə vurur, qohumumdur, həmkəndlimdir, dostumdur, tanışımdır deyə trol namizədlərə də səs verirlər. Trol namizədləri müəyyən etmək çox da çətin deyildir, onlar adətən elə ciddi seçki kompaniyası aparmırlar, çox bəsit seçki platformaları olur, təyinatı nəzərdə tutulan namizədin əleyhinə heç bir ciddi təbliğat aparmırlar və sair.
Buradan çıxarılan əsas nəticə ondan ibarətdir ki, bütün icra strukturlarının 1 namizədin xeyrinə səfərbər olduğu şəraitdə hətta 2 müstəqil layiqli namizədin olması artıq problem yaradır, 4-5 müstəqil layiqli namizədin olması şəraitində isə vəziyyət əhəmiyyətli dərəcədə çətinləşir. Belə olan halda 2 yol qalır: 1. Müstəqil layiqli namizədlər öz aralarında vahid bir namizəd müəyyənləşdirirlər və öz namizədliklərini onun xeyrinə geri götürürlər. Bu çox çətin bir məsələdir, baş verməsi ehtimalı çox aşağıdır 2. Seçicilərin maarifləndirilməsinə nail olunur ki, onlar səsini qohum, həmkəndli, dost, tanış, layiqli namizəd prinsipi əsasında deyil, ən layiqli namizəd prinsipi əsasında versinlər. Bu yol daha real sayılır, lakin bunun olması üçün də geniş təbliğati işlərin aparılması tələb olunur.

CƏNAB MƏMUR!

Dedikləri adama tələb etdikləri sayda səs toplaya bilməsəniz ən p*s halda sizi danlayıb, işinizdən uzaqlaşdıra bilərlər, əks halda isə siz on minlərlə adamın haqqına girib daha 5 il onların problemləri ilə baş-başa qalmasında iştirakçı olursunuz. Necə fikirləşirsiniz, hansı daha p*sdir?
Nə qədər sizə bu tipli müraciətlər etsək də o müdhiş məlum yerdə sizə deyəcəklər ki, elə müraciətlərə fikir verməyin, bizim dediyimiz adama səs toplamaqla məşğul olun, güya sizin vəzifəniz bunu tələb edir, güya siz bununla dövlətin yanında olmuş olursuz. Onlar sizdən bunu ona görə tələb edirlər ki, bilirlər bunu etməsələr insanlar layiqli bir namizədə səs verib, onu seçəcəklər. Deməli siz kiminsə haqqının yeyilməsində, bu yolla bütövlükdə cəmiyyətin haqqına girməkdə birbaşa iştirakçı olursunuz. Nəzərə alın bunun bədəlini Uca Allah sizə və övladlarınıza çox ağır ödətdirə bilər. Siz buna nəyə görə gedirsiz? İşinizə görə, vəzifənizə görə. İşinizdə, vəzifənizdə niyə qalmaq istəyirsiniz? Özünüzün, övladlarınızın dolanışığına görə. Sizlər savadlı adamlarsız, hər nə qədər o müdhiş məkanda sizə deyilsə ki, ay siz bununla dövlətin yanında olmuş olursuz, siz bilirsiz ki, bu belə deyil, başqasının bədbəxtçiliyi üzərində xoşbəxtlik qurula bilinməz, əksinə, özünüzü və övladlarınızı çox böyük günah altına salmış olursunuz. Sizə deyirlər dediyimiz adama səs toplayın, bu təzyiqə dirəniş göstərə bilməsəniz, ən p*s halda özünüzün və ailə üzvlərinizin onların dediyi adama səs verməyinizlə kifayətlənin, heç bir halda vəzifənizdən, imkanlarınızdan istifadə edib, başqalarına onların dedikləri adama səs verməsi üçün təzyiq göstərməyin! Bu işdə ən sonda vicdanınızın səsinə qulaq asın!

ƏZİZ SEÇİCİ!

Məmurun, vəzifəli şəxsin dediyim adama səs verməlisən təzyiqinə heç bir halda boyun əymə! Səni məcbur edəndə de dediyin adama səs verərərm, ən p*s halda desə səs verəndən sonra bülletenin şəklini çək mənə göndər onda da dediyini edəndən sonra bülletendə başqa bir namizədin qarşısında da işarə qoyub bülleteni etibarsız hala gətir, səsinin saxtakarlıqda istifadəsinə imkan vermə!
Fikirləşmə bir mənim səsimlə, mənim fədakarlığımla nə həll olunar, unutma dəyişikliklər məhz fərqli düşünənlərin sayəsində mümkün olacaqdır. Hamının artıq əvvəlki kimi düşünmədiyini, fərqli düşündüyünü hər kəsin onun səsinin də önəmli olduğunu fikirləşərək, seçkiyə gedəcəyini düşün!
Hər dəfə parlament seçkiləri aşağıdakı problemlərin olması şəraitində həyata keçirilir:
1.Qanunla icra strukturlarının seçkilərə müdaxiləsi qadağandır, amma onlar bu işə aktiv müdaxilə edirlər;
2. Seçicilər müstəqil namizədlərin təbliğat-təşviqat tədbirlərində aktiv iştirak etməlidirlər, amma iştirak etmirlər;
3. Seçicilər səsini ƏN LAYİQLİ NAMİZƏD prinsipi əsasında verməlidirlər, amma qohum, həmkəndli, tanış, dost, layiqli namizəd prinsipi əsasında verirlər;
4. Ali təhsilli adam özünə rəva görüb trol namizəd olmamalıdır, amma olur;
5. Namizədlər və seçicilər əvvəlki seçkilərin təcrübəsindən nəticələr çıxarıb, əvvəllər buraxılan səhvləri etməməlidirlər, amma edirlər.
Parlament seçkiləri ilə bağlı ən ciddi problemlərdən biri bir tərəfdən aidiyyatı orqanların təzyiqlərinə görə, digər tərəfdən özləri bunu əhəmiyyətsiz saydıqlarına görə seçicilərin müstəqil namizədlərin tədbirlərinə aktiv qatılmamalarıdır. Savadlı, özü və ya yaxın qohumu hansısa dövlət idarəsində işləyən adamlar təzyiqdən qorxub, qatılmır, savadsız adamlar isə əhəmiyyətini dərk etmədiklərinə görə qatılmır. Əgər namizəd ölkə prezidentinin siyasətini dəstəkləyən və platforma və çıxışlarında hakimiyyət əleyhinə nələrsə yoxdursa, onda dövlət idarəsində işləyən şəxsin həmin namizədin tədbirində iştirakdan qaçmasının heç bir məntiqi izahı yoxdur. Buna görə ona təzyiq edənlərə deməlidir ki, mənim filan namizədin tədbirində iştirakım hələ onun seçicisi olmağım və ya ona səs verəcəyim demək deyil, əvvəla iştirak etməyimin bir faydası odur birdən hakimiyyət əleyhinə nəsə desə mənim yerində ona cavab vermək imkanım olsun, ikincisi də təyinatı nəzərdə tutulan adama səs verməyə məcbur edilən biri kimi bilim o səs verəcəyim adamla bağlı hansı arqumentlər səsləndirir, onun əsas strategiyası, planlaşdırdığı işlər nədən ibarətdir, onlara qarşı hazırlıqlı olaq.

ƏZİZ BAŞA DÜŞƏN İNSANLAR!

Başa düşməyənlərə izah etməkdən yorulmayın! Onlara yorulmadan izah edin ki, həyatları, yaşayışları ilə bağlı hər şeyin taleyi məhz seçkilərdə həll olunur. Aldığın ərzağın qiyməti də, sənə verilən pensiyanın məbləği də, aldığın əmək haqqının miqdarı da, aldığın müalicənin qiyməti və keyfiyyəti də, uşaqlarına verilən təhsilin keyfiyyəti də məhz seçkilərdə sənin tutduğun mövqedən asılıdır. Səsinə dəyər qazandıra bilmədinsə, sonra yaxşı nələrsə gözləməyin əbəsdir. Seçkidə səsini dəyərsizləşdirə bildilərsə, bil ki, səni də heç vaxt saya almazlar. Sənin özünü saya aldırmaq üçün bircə 5 ildən bir istifadə edə biləcəyin səs resursun var, çalış onu ucuz xərcləmə.
Cəmiyyətin firavan gələcəyinə daha tez qovuşması naminə bu savab işi görməyə heç vaxt usanmayın, ondan kənarda qalmayın, haqq naminə, Allah xatirinə bunu edin!
Müstəqil namizədlərin seçki təbliğat-təşviqat tədbirlərində və seçkidə aktiv iştirakın əhəmiyyəti barədə başa düşənlərin başa düşməyənlərə yorulmadan izah etməsinə ehtiyac vardır.

SEÇİCİ SUALI: MƏN VƏ AİLƏ ÜZVLƏRİM GEDİB DEDİYİNİZ ADAMA SƏS VERSƏK BUNUNLA İŞ DÜZƏLƏR?

Cavab: məlum məsələdir ki, siz bunu ritorik sual kimi fikirləşib verirsiz, yəni beyninizdə o fikir var ki, məsələ mənim və ailə üzvlərimin səs verməsi ilə düzələn deyil. Mən cavab versəm ki, düzələr deyərsən düzəlməz axı, və ya gedib səs verəndən sonra düzəlməsə soruşarsan bəs dedin düzələr niyə düzəlmədi?
Təsəvvür edin ən layiqli namizədin qalib olması üçün 5 min adamın səsi lazımdır və onların hamısı seçkidən öncə bu sualı özlərinə verib seçkiyə getmirlər. Deməli seçicinin seçkidən öncə məsələni bu cür qoyması doğru yanaşma deyildir. Doğru olan üzərinə düşən vəzifəni yerinə yetirib, seçkiyə gedib, ən layiqli namizədə səs verməsidir.

CƏMİYYƏTDƏ HANSI HALDA HARMONİYAYA NAİL OLMAQ OLAR?

Bunun üçün vətəndaşın 2 vacib işə riayət etməsinə ehtiyac vardır:
1. İctimai işlərdə aktiv olub töhfəsini verməsi;
2. İstənilən məsələ barədə özündən savadlı, bilikli insanların fikirlərini dinləyib, nəticələr çıxarması.
Əziz insan! Problemlər, pulsuzluq, maddi çətinliklər səni taqətdən salıb? İctimai işlərə baş qoşmağa heyin qalmayıb? Fikirləşirsən öz problemlərin sənə bəsdir? Bir şeyi biləsən ki, sənin bu problemlərlə üzləşməyin məhz sənin və digərlərinin vaxtında ictimai işlərdə aktiv olmadığına görədir. Belə olduğuna görə bu problemlərdən qurtuluşun ictimai işlərdə aktiv olub öz töhfəni verməyə çalışmaqdan keçir. Bu işlərin ən önəmlisi parlament seçkilərində aktiv iştirak edib, ən layiqli namizədə səs verməyindir.
Özündən savadlı, oxumuş adamları dinlə! Demə mən oxumasam da hər şeyi bilirəm. Doğru kimi bildiyin yanlış ola bilər, fərqli fikirləri dinləməkdən qaçma! Xüsusilə seçki ilə bağlı məsələlər barədə danışanda, fikir bildirəndə ehtiyatlı olmağa çalış! Seçki məsələsi kifayət qədər mürəkkəb məsələdir, bu işdə doğru mövqedən çıxış etmək bilik və təhlillər tələb edir, ona görə ancaq özünün ənənəvi yanaşman ilə kifayətlənməyin, fərqli yanaşmaları rədd etməyin doğru olmaz.
Bəzi insanlarda belə bir xüsusiyyət var: vəzifəli şəxs ondan kiməsə səs verməyi xahiş edəndə adam elə sevincək olur, özünü başlayır elə gərəkli saymağa ki, daha fərqinə varmır ondan edilən bu xahiş onun və cəmiyyətin xeyrinədir ya ziyanına, başlayır müti kimi həmin xahişi yerinə yetirməyə. Belələri xoşlayır vəzifəli şəxslərin, təyinatı nəzərdə tutulan şəxsin yanında durmağa. Belə görməmiş və ucuz adamlardan olmayın, sizə verilən bu “dəyərə” aldanmayın!

ƏZİZ İNSANLAR!

Seçki kompaniyası aparmaq çox ağır bir prosesdir, böyük həcmdə pul tələb edir, insanların dəstəyi olmasa bu işi heç bir müstəqil namizəd tələb olunan səviyyədə apara bilməz. İnsanın müstəqil ən layiqli namizədin deputat seçilməsi üçün töhfə vermək niyyəti olsa o bunu ən müxtəlif yollarla həyata keçirə bilər. Hansısa obyektiv səbəblərə görə birbaşa olaraq onu açıq dəstəkləyə bilmirsə, ona səs verə bilmirsə, seçki kompaniyasına maddi dəstək göstərə bilər. Bu dəstəyin ən rahat yoludur. Hansısa ödəniş terminalından namizədin kart hesabına pul göndərmək şəxs üçün heç bir narahatçılıq yarada bilməz. Çox təəssüflər olsun ki, seçkilər zamanı çox az adam bu barədə düşünür, hətta əksinə bəziləri umur ki, namizəd onların səs verməsi müqabilində onlara nəsə ödəsin. İnsanların bu ziyanlı düşüncəsinin dəyişməsinə ehtiyac vardır.

ƏN LAYİQLİ MÜSTƏQİL NAMİZƏDİ NECƏ MÜƏYYƏN ETMƏK OLAR?

Fərqli dairələrdə ən layiqli namizədi müəyyən etməyin meyarları fərqli ola bilər. Lerik və Astara rayonları üçün ən layiqli namizədin meyarları aşağıdakılar olmalıdır:
1. Şəxs yüksək mənəvi keyfiyyətlərə sahib olmalıdır;
2.Şəxs Cənab Prezidentin siyasətini dəstəkləyən olmalıdır;
3. Şəxs savadlı, bilikli və yüksək siyasi hazırlıq səviyyəsinə malik olmalıdır;
4. Şəxs iqtisadçı olmalıdır;
5. Şəxsin indiyə qədər rayonla bağlı fəaliyyəti olmalıdır.

Qeyd edək ki, savad ayrı anlayışdır, bilik ayrı. Bu elm helm məsələsi də deyil, ondan da genişdir. Bilik hansısa elm sahəsinə aid elmi məlumatlar toplusunu ifadə edir, kimsə hansısa sahənin mütəxəssisidirsə, ona savadlıdır yox, filankəs biliklidir deyilməlidir. Savad = elm+ helm+ riyazi məntiq+ humanitar məntiq +dünyagörüşu+ siyasət+vicdan.

HAKİMİYYƏTƏ!

Cənab Prezidentin deputatlara həmişə tövsiyəsi o olub ki, onlar seçicilərlə daim təmasda olsunlar, onların problemləri ilə maraqlansınlar. Bu tövsiyələrin nəticəsi olaraq VII çağırış Milli Məclisin deputatları ayda 2 dəfə insanlarla görüş təşkil edirlər. Buna baxmayaraq onlar yenə çox vaxt bu görüşləri görüntü xatirinə təşkil edir, insanların problemlərinə həssaslıqla yanaşmırlar. İnsanların problemləri həllini tapmadığına görə onların deputatlardan narazılıqları qalmaqda davam edir.
Parlament seçkilərində hakimiyyət tərəfindən dairə üzrə namizəd müəyyənləşdirilir və onun təyinatı üçün bütün strukturlar səfərbər olunur. Çox vaxt elə olur ki, həmin adamın insanlar arasında elə bir hörməti və nüfuzu olmur deyə onun xeyrinə səs toplayaraq, onun təyinatına nail olmaq heç də asan olmur və onun deputat təyin edilməsi insanlarda narazılıq yaradır. Belə olan halda hakimiyyət üçün ən yaxşı yol həm insanların seçmək istədiyi, həm də Cənab Prezidentin siyasətini dəstəkləyən birinin deputat seçilməyinə mane olmamaqdır. Bu olarsa, hakimiyyət və xalq arasında həmrəylik daha da güclənər, bu da uzunmüddətli dövrdə ölkədə sosial sabitliyi təmin edəcəkdir. Ona görə hakimiyyət tərəfindən, aidiyyatı strukturlar tərəfindən müxalif və Cənab Prezidentin siyasətini dəstəkləyən namizədlərə seçkilərdə eyni münasibətin göstərilməsi heç bir halda doğru yanaşma deyildir. Növbəti seçkilərdə bu münasibətin dəyişdirilməsi hakimiyyət tərəfindən atılan ən doğru addım olar.

16/04/2026

Əziz dostlar! Tezliklə bu səhifədə PARLAMENT SEÇKİLƏRİNƏ DOĞRU YANAŞMA NƏZƏRİYYƏSİnin yeni postulatlarını oxumaq imkanınız olacaq.

Sizlərdən yalnız bir xahişim var: paylaşımları paylaşmasanız da olar, bəyənmə etməsəniz də olar, bircə oxuyun və onları başqa insanlara göndərib, onların da yalnız oxumaqlarını xahiş edin.

26/03/2026

MÜSTƏQİL ƏN LAYİQLİ NAMİZƏDİN I QRUP SEÇİCİLƏRİN SƏSİ İLƏ MİLLƏT VƏKİLİ SEÇİLMƏK İMKANLARI HƏLƏ DƏ QALIRMI?

2020-ci ildə 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd oldum. Seçilmək ümidi ilə qatılmamışdım, çünki seçici yox idi, seçici adına olanlar təyinatı nəzərdə tutulanın xeyrinə qutuya bülleten atanlar idi. Biz onlardan seçici düzəltmək üçün seçkiyə qatılmışdıq, onları maarifləndirmək istəyirdik ki, səs vicdandır, ləyaqətdir vətəndaş olmaq üçün ona sahiblənmək lazım...çox deyirdik, az eşidirdilər, özlərinə haqq qazandırmaq üçün deyirdilər boş şeydir, ode, 5 dəfədir təyinatı nəzərdə tutulan adama səs veririk, seçkidən sonra bizi saymır. Adam özünü dəli əlində qalan kimi hiss edirdi. Əvvəl ey hey izah edirdim təyinatı nəzərdə tutulan adama səs verəndə elə olar, siz sizin səsinizlə millət vəkili olmaq istəyən ən layiqli namizədə səs versəniz onun faydası olar. Sonra gördüm əslində insanlara bunu izah etməyə ehtiyac yoxdur, onlar özləri də bunu bilir, sadəcə öz səslərinin zorlanmasına, özlərinin şərəfsizliyinə, heç bir fədakarlıq tələb etməyən təyinatı nəzərdə tutulan adamın yanında durmaqlarına haqq qazandırmaq üçün belə aferistlik edirlər, ay müstəqil ən layiqli namizədə səs versən də xeyri yoxdur, kimi istəsələr onu da təyin edərlər kimi arqumentdən istifadə edirlər, boynuna almaq əvəzinə ki, indiki təzyiq şəraitində biz ləyaqətimizi qorumaq gücündə deyilik, və ya bizim yaltaqlıq "keyfiyyətimiz" fədakarlıq keyfiyyətimizdən min dəfə yüksək olduğuna görə ləyaqətimizdən könüllü əl çəkirik, təyinatı nəzərdə tutulan adamın yanında durub, şəninə təriflər deyib, bəh-bəhlə ona səs verdiyimizi deyirik.
2020-də də belə idi, indi də belədir. Bu yatan adamı oyatmaq olar, özünü yuxuluğa vuran adamı isə çətin kimidir.
Fədakarlıq etmək üçün bir yol fikirləşib, tapmaq istəməyənlər, yaltaqlıqlarına don geyindirmək üçün min "arqumet" fikirləşib tapırlar. Bir biləsiz müstəqil ən layiqli namizədə səs versən də xeyri yoxdur, seçkiyə getsən də xeyri yoxdur deyənlər bunu adama sübut etmək üçün necə arqumentlər uydururlar və sonda da seçkiyə gedib, təyinatı nəzərdə tutulan adamın xeyrinə qutuya bülleten atırlar. Bunun bir adı var şərəfsizlik. Biz şərəfsizlikdən vicdan düzəltmək üçün seçkiyə qatılmışdıq, onlar da bizim niyyəti bildiklərinə görə dinləməyə çox da meyl etmirdilər, edəndə də özləri bizə dərs keçməyə calışırdılar. Vəziyyət məhz belədir.

Əsas sual da budur: qutuya bülleten atmaqdan tutmuş, məddahlıq etməyə qədər növbəyə düzülən şərəfsiz, ləyaqətsiz və vicdansız yaltaqlardan maarifləndirmək yolu ilə ən layiqli müstəqil namizədə səs verəcək seçici düzəltmək olarmı?

03/03/2026

TƏYİNATLI DEPUTATDAN MİLLƏT VƏKİLİ DÜZƏLTMƏK OLARMI?

İl yarımdır deputatların şıdırğı reklamı gedir: müəllim çox sadə adamdır, insanlarla görüşür, onları dinləyir, Milli Məclisdə çıxış edir, şəhid ailələrini ziyarət edir və sair.

Cənab Prezident VII çağırış Milli Məclisin açılışında iştirak etdi, çıxış etdi, bildirdi ki, deputatlar insanlarla görüşmür, onların problemlərini dinləmir. Ona görə deputatlar üçün bir qayda müəyyənləşdirdi: ayda 2 dəfə insanlarla görüşmək. Bu qaydadan xəbəri olmayan insanlar dairələrində 20 ildir deputat olan müəllim haqqında danışır: müəllim yaman dəyişib, insanlarla daha görüşür, yeni deputatlar haqqında isə belə deyirlər: biz görməmişdik deputat insanlarla görüşsün, bu müəllim görüşür, hələ hara kabab qonaqlığına çağırırsan, ora da gəlir.

Əvvəlki təyin olunan deputatlar daim insanlardan qaçıb, onların qəbuluna düşmək mümkünsüz bir iş olub, ona görə insanlarımız deputat görməyə, onunla söhbət etməyə daim tamarzı qalıblar. İndi deputat gəlib insanlarla görüşür, onları dinləyir, onların problemlərini həll etməsə belə, deputat tərəfindən sayıldıqlarını fikirləşərək, insanlar özlərini xoşbəxt sayır, indiki təzə deputatları buna görə çox istəyirlər, onlara hörmətlə yanaşırlar. İştirak etdiyim məclislərin birində bir nəfər deputatın sadəliyini tərifləyərək, zaldakıları da ittiham etdi ki, siz niyə mənə qoşulub, demirsiz biz görməmişdik deputat sadə adamlarla eyni süfrə arxasında otursun. Sonra da deputata dedi icazə ver bu sadəliyinə görə sənin üzündən öpüm. İndi vəziyyət belədir, bu nə vaxta qədər insanları xoşbəxt edər onu zaman göstərər. Əgər bu xoşbəxtlik daimi olarsa, deməli təyinatlı deputatdan millət vəkili düzəltmək olar, yox əgər bir müddət sonra insanlar görsələr ki, deputat onlarla görüşür, onların problemlərini dinləyir, onların süfrələrində onlarla kabab yeməyə gəlir, amma problemlərini həll etmir və ya edə bilmir, onda məyusluq başlayar. Bu da o demək olacaq ki, təyinatlı deputatdan millət vəkili düzəltmək OLMAZ.

18/01/2026

PARLAMENT SEÇKİLƏRİNƏ DOĞRU YANAŞMA NƏZƏRİYYƏSİ

SEÇİCİLƏRƏ SÖZÜM
Mən insanlara təkcə onu demirəm sən seçkiyə gəlsən, səs versən, düzələr, deyirəm sən gəlib səsini ƏN LAYİQLİ NAMİZƏD PRİNSİPİ əsasında versən düzələr, yoxsa ki, hazırki deputatın alternativi kimi özünü təqdim edən hər adama səs verməklə, indiki deputata səs vermək arasında heç bir fərq yoxdur.


MÜRƏKKƏB PROBLEMİN SADƏ HƏLL DÜSTURU
Seçicilər arasında ona nail olmalıyıq ki, insanlar bir-birinə KİMƏ SƏS VERƏRSƏN? yox KİMƏ SƏS VERİLMƏLİDİR? sualını versinlər. Yəni seçicinin seçiminin kəndçi, qohum, tanış, imkanlı şəxs, layiqli namizəd deyil, ƏN LAYİQLİ NAMİZƏD prinsipinə əsaslanması üçün gərəkən maariflənməyə çalışmalıyıq.

ƏN LAYİQLİ NAMİZƏD prinsipinin əsas meyarı adamın indiyə qədər rayonla bağlı, yaşadığı ərazi ilə bağlı, orada yaşayan həssas təbəqədən olan insanlarla bağlı gördüyü işlərdir. Adam deputatlığa namizəd olana qədər bu sahələrdə işlər görməyibsə, ondan rayon üçün yaxşı deputat olmayacaqdır. Namizədi tanımaq üçün ona verəcəyiniz ən yaxşı sual bu olmalıdır: indiyə qədər rayonla bağlı insanlarla bağlı nə iş görmüsən?

Seçicilər 3 yerə bölünür:
I. Rayon İcra Hakimiyyətinin təsir dairəsindən kənarda olanlar
II. Dövlət idarələrində işləyənlərin ən yaxın qohumları
III. Dövlət idarələrində işləyənlər
I qrup seçicilərin səsləri ilə millət vəkili seçilmək mümkündürmü? Gəlin bu suala konkret rəqəmlər əsasında cavab axtaraq.
2020-ci ildə keçirilən parlament seçkilərində 78 saylı Lerik seçki dairəsində qeydiyyatda olan seçicilərin sayı 33284 nəfər olub. Onların “8000” nəfəri hakim partiyanın namizədinə, 7846 nəfəri isə digər 14 namizədə səs verib. 17438 seçici səsvermdə iştirak etməyib (bütün seçicilərin 52,3%-i). Birmənalı şəkildə demək olar ki, onların mütləq əksəriyyəti I qrup seçicilərdir. Bəziləri rayonda qeydiyyatda olsa da, rayonda yaşamır, bəziləri isə rayonda yaşasa da, ən müxtəlif səbəblərdən seçkidə iştirak etmir. Qeyd edilənləri nəzərə aldıqda məlum olur ki, 33284 nəfər seçicidən təxminən 25 min nəfəri I qrup seçicilərdir, ümumi seçicilərin təxminən 75%-i.
Deməli, nəzəri olaraq, seçkilərdə saxtakarlıq olmayacağı halda və seçicilərin yüksək aktivliyi olacağı halda I qrup seçicilərin səsi əsasında millət vəkili seçilmək mümkündür. Qalır bu işi praktiki həyata keçirmək. Bunun üçün rayonda olanların seçkiyə getməsi, rayonda yaşamayanların da seçki günü rayona gedib səs verməsi gərəkir. Bu isə bir qədər çətindir, amma mümkünsüz deyil, insanların fədakarlığına ehtiyac vardır. Fədakarlaşa bilərikmi?
Məsələnin həlli bu suala cavabımızdan və onu həyata keçirməyimizdən aslıdır.

Parlament seçkiləri I qrup seçicilərin özünə millət vəkili seçməsi ilə hökümətin II və III qrup seçicilərin əli ilə özünə deputat təyin etməsi arasında yarış platformasıdır.

Sən I qrup seçici kimi bu yarışa qoşulmursan, seçkiyə getmirsən, səsvermədə iştirak eləmirsən, dediyin nədir? Hakimiyyət II və III qrup seçicilərin əli ilə deputat təyin eləsin, o da sənə xidmət eləsin, belə şey heç nağıllarda da olmur.

Bil və agah ol! İcra strukturlarının əli hansı namizədin üstündədirsə ondan sənə yaxşı millət vəkili ola bilməz.

Cəngəllikdə yox, dövlətdə yaşayırsansa siyasətlə məşğul olmağı özün bilərsən, amma onu bilməlisən, dövlət siyasi təsisatdır, qanunlara tabesənsə, onları “istehsal edən” orqanın formalaşmasına biganə qalmağın tupoyluqdur. Bəziləri hey tutuquşu kimi bir söz əzbərləyib: xeyri yoxdur, kimi istəsələr onu da seçərlər. A kişi! Axı nə vaxt insanların 70-80%-i seçkiyə getdi elə o həcmdə də kiməsə səs verdi o səslər saya alınmadı, bilməyənlər korazehin kimi yalan danışmasınlar, olmayıb belə şey.
Başqa şablon cümlə belədir: əvvəlkilər nə edib ki, təzə seçilən nəsə etsin.
Sual edirsən əvvəlkini sən seçmisən? Deyir yox, seçkiyə getməmişəm, deyirsən hökumət təyin edibsə onun nə borcu gəlib sənə xidmət eləsin, razılaşmır, deyir eləməlidir, deyirəm mən də deyirəm eləsin, eləyir? Yox. Nə qədər sən seçməmisənsə eləməyəcək.

Əziz dostlar! Lerik ağır sosial-iqtisadi problemlər məngənəsində boğulur. Bu səbəbdən rayon əhalisinin 60%-dən çoxu rayonu tərk edib və təəssüflər olsun bu proses hələ də davam edir.

Bu dəfəki seçkilər təkcə millət vəkili seçmək məsələsi deyildir, bu daha çox rayonumuzu bu ağır vəziyyətdən çıxarmaq üçün yaranan yeni bir imkandan istifadə məsələsidir. Ona görə dövlət idarələrində işləyən və işləməyənlərin, gənclərin, ziyalıların, sahibkarların - hər kəsin bu işə töhfə verməsinə ehtiyac vardır.
Hamılıqla birləşib, kimlərinsə Lerikin məhv edilməsi hesabına öz kürsü maraqlarını təmin etmələrinə son qoymağa nail olmalıyıq. Bu hamıya bir çağırışdır, amanın günüdür, bu dəfə də seyrçi qalıb, bu fürsəti əldən verməyimizə imkan verməyin! Yoxsa ziyanını hamılıqla çəkəcəyik.

Bir daha yazıram: bu dəfəki iş kiminsə millət vəkili seçilmək məsələsi deyildir, bu Lerikin xilası prosesidir, lütfən, ondan uzaqda durmayın! ƏN LAYİQLİ MÜSTƏQİL NAMİZƏDƏ SƏS VERİN!

Əziz insan kənddə vəzifə sahibisən, lap gözəl
İnsanlara köməyin dəyir, lap əla
Qohumlarına ağsaqqallıq edib, onların problemlərinin həllinə çalışırsan, lap əla
Bütün bunlara görə sənin də onlara nə işin düşsə, de, artıqlaması ilə görsünlər, Allahı sevərsən, amma bircə onların seçim azadlığını əllərindən alma! Səs vicdandır, insanları vicdanlarından vaz keçməyə vadar eləmə!

Əziz insan! Kənddə məktəb direktorusan, lap gözəl
Cəmiyyətdə hörmətin böyükdür, lap əla
Şagirdlərin üçün yaxşı işlər görmüsən, Allah razı olsun!
Bütün bunlara görə nə zaman nə kömək lazımdırsa deyin qoy sizin qulluğunuzda dursunlar, nə lazımdırsa etsinlər, amma mən deyən adama səs verməlisiz deyib, insanların seçim azadlığına təcavüz etməyin! SƏS vicdandır, insanların vicdanına əl uzatmayın!

Əziz insan! Kəndin həkimisən lap gözəl.
İnsanlara xidmət edirsən? Lap gözəl
İnsanlar arasında hörmətin yüksəkdir? Lap əla
Buna görə sənə pul ödəməlidirlərsə, onu al, başqa işlərini gördür, nə xahiş edirsənsə elə görsünlər, amma mən hər zaman yanınızdayam, əziyyətinizi çəkirəm kimə deyirəm ona səs verin deyib, insanların seçim azadlığını onların əlindən almayın, səs vicdandır, lütfən, insanların vicdanına əl qoymayın!

Əziz insan, səs sənin vicdanındır. Kənddəki həkim, icra nümayəndəsi, məktəb direktoruna icazə vermə sənin vicdanını əlindən alsınlar. Onlar qohumundursa, sənə yaxşılığı keçən adamdırsa, onlara hər hansı bir vəfa borcun varsa da, gedib onların həyətlərində fəhlə işləməyə razı ol, amma sənin seçim hüququnu əlindən almalarına razı olma!

Address

Azərbaycan
Azərbaycan

Telephone

+994557424156

Website

Alerts

Be the first to know and let us send you an email when Deputatlığa namizəd Firdovsi Şahbazov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Deputatlığa namizəd Firdovsi Şahbazov:

Share